Sənət 09:52 23.11.2023

“Yenə aylardan kasım...”

(Esse-elegiya)
 
Deyirlər insan ömründə on iki ildən bir tsikl tamamlanır, bir dövrə qapanır. Əbədiyyətə qovuşanlar da ölməyib axı.

On iki il keçir ədəbi cəsarət simvolu Rafiq  Tağının 19-da bıçaqlandığı, 23-də dünyasını dəyişdiyi noyabrdan. 

"Bir gün idi ikiliyin birləşdiyi gün...”

2006-cı ildə "Avropa və biz” fəlsəfi essesi dərc ediləndə yerli  xurafat əhli onu qınadı, İran ayətullahları ölümünə fətva verdi. "Milli, irqi və dini düşmənçiliyi qızışdıran” məqaləsinə görə həbsi, bəlkə də, onu qaragüruhun çəngindən qurtardı. Ədəbi vicdan etalonu əfv edildi. O, yazım "Azərbaycanı İran olmaqdan xilas edir” dedi.

Beş il sonra "İran və qloballaşma qaçılmazlığı” essesini yazdı və "bir adamı öldürən bütün bəşəriyyəti öldürür” deyən müqəddəs kitaba tapınanlar "alimi-biəməl” olduqlarını bir daha sübut etdilər; öldürdülər yazıçı, esseist, şair, həkim, böyük insan Rafiq Tağını, – neçə milyonuncu dəfə bütün bəşəri öldürdülər.
Qatil "bir tikə yağlı əppək olub göyə çəkildi”. 

Sui-qəsddən on iki il sonra "Azərbaycanın Çexovu”ndan "Ədib-təbib Rafiq Tağı” sənədli filmi çəkildi. 

Qətli ilə bağlı dayandırılan cinayət işinin icraatı necə bərpa ediləcəkmi, ya buna da yeni bir tsikl – yeni bir dövrə gərəkdir?

...Nə qədər ki, "ingilis bayrağı” var, "ingilis barmağı” da var.

...Bir il idi ikiliyin ayrıldığı il.

Rafiq Ağalar
23.11.2023