İdman 16:00 20.10.2023

Yığmamızın sabiq baş məşqçisi: “Artıq De Byazinin getmək zamanıdır”

Millimiz AVRO-2024-də keçirdiyi son iki oyunun birində qələbə qazandı, digərində məğlub oldu. Estoniyanı səfərdə udan De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Avstriyaya məğlub oldu. Bu nəticələrdən sonra istər italyan məşqçiyə, istərsə də AFFA-ya yönəlmiş tənqidlər bir qədər də kəskinləşməyə başladı. Həmçinin də futbol ictimaiyyəti müxtəlif fikirlər səsləndirdi.

Yığmamızın sabiq baş məşqçisi Təbriz Həsənov da Qaynarinfo-ya düşüncələrini bölüşüb. Vaxtilə aşağı yaş qrupları üzrə millilərimizdə çalışmış mütəxəssis əsas yığma ilə yanaşı aşağı yaş qruplarından ibarət komandalarımızın son nəticələrinə münasibətini bildirib.

"Estoniya ilə oyundan təbii ki, hamımız qələbə gözləyirdik. Ən azından gücümüz çatan rəqib idi. Yaxşı çıxış etdik qələbə qazandıq. Şəxsi fikirlərimi deyirəm, Avstriya ilə oyunda gözləyirdim ki, komandamız Tofiq Bəhramov adına Respublika stadionunda daha yaxşı oynayacaq. Çünki ora azarkeş axını da çox olur. Bunu "Qarabağ”ın oyunlarında görmüşük. Əfsuslar olsun ki, stadionu doldurmadılar. Stadionda azarkeş çox olanda komanda daha yaxşı oynayır. Düzdür, komanda oynadı, mübarizə istək var idi. Amma Avstriya da həmin gün çox güclü deyildi. Bir neçə əsas oyunçusu gəlməmişdi. Deməzdim ki, əvvəlki performansını göstərdi. Ən azı heç-heçə edə bilərdik. Oyunun sonunda qol imkanımız oldu, Toral yaxın məsafədən fərqlənə bilmədi. Möcüzədir, heç futbolçu da topun qapıdan keçməyəcəyini gözləmirdi. Deyirik ki, yaxşı oynayırıq, amma uduzuruq. Məncə, artıq yaxşı oynayıb uduzmaq deyil, xal qazanmaq lazımdır. Statistikaya dəqiq baxmamışam, amma mənə elə gəlir Estoniya və bizdən başqa qalan bütün postsovet ölkələri yaxşı xallar toplayıb. Qazaxıstan 15 xal yığıb, hansı ki, elə-belə rəqiblərlə oynamayıblar. Bizim də heyətimiz yaxşıdı, yenə də nəsə çatmır. Bax, bu "nəsə”ni düzəltmək lazımdır. Məncə, belə heyətlə qrupda daha çox xal toplaya bilərdik”.

- Sizə də elə gəlmədimi ki, Estoniya millimizlə matçda ciddi şəkildə can yandırmadı?

- Belə düşünmürəm, çünki bu millidir. Hər futbolçu meydanda can qoymalıdır. Oyunları alınmaya bilər, amma oynamamaq bir qədər təəccüblü gəlir. Onlar da istəyərdilər ki, sonuncu yerdə qalmasınlar. Səfərdə xal qazanmışdılar, onlar üçün ən yaxşısı evdə minimum heç-heçə etmək idi. Bakıda yaxşı oynamışdılar. Son zamanlar bizim komandalar onları məğlub edirlər. Ola bilər bir neçə ildən sonra güclənərlər. Amma onları Belçika və Avstriya ilə müqayisə etmirəm. Biz daha üstün oynadıq. Üstünlüyü nəyin hesabına qazanmağıma gəlincə, biz topla daha yaxşı oynayırıq. Onlar Bakıda əks-hücumlarda yaxşı oynadılar. Qollarımız da vaxtında vuruldu. Düşünürəm ki, bu qrupda daha çox xal toplamalı idik. Qazaxıstan Finlandiyanı məğlub etdi. Belarus İsveçrəni 3:1 məğlub edirdi, ancaq sona yaxın hesab 3:3 oldu. Biz demirik, Belrus İsveçrədən güclüdür. Amma daha məsuliyyətli idilər. Meydana çıxanda xal almaq, qələbə qazanmaq üçün mübarizə aparırdılar. Fikrimcə, bizdə belə şeylər çatmır. "Uduzsaq da, yaxşı oynadıq”, "inkişaf var” kimi fikirləri bitirmək lazımdır. Bir dəfə də pis oynayaq, amma xal qazanaq. Onsuz da hər qələbəmiz, heç-heçəmiz tarixə düşür.

- İndi De Byazinin yığmanın başında olub-olmamasının hər hansı bir fərqi var?

- Mənə elə gəlir, artıq De Byazinin getmək zamanıdır. Onu da gördük. Yeni baş məşqçi gəlməlidir.

- Bundan sonra yığmanı hər hansı əcnəbiyə tapşırmaq, nə dərəcədə ağıllı qərar olar?

- Öz fikrimi deyirəm, məncə, milli azərbaycanlı məşqçiyə tapşırılsa, daha yaxşı olar. Yenə də özləri bilər. 

- Digər yığmalarımızın son nəticələri haqda nə deyə bilərsiniz?

- U-21-in hər iki oyununa baxdım. Samir müəllim yaxşı məşqçidir. Yaxşı futbolçu olub. Şimali İrlandiyaya tam üstünlüklə qalib gəlməli idik. Penaltini vura bilmədik. Qol imkanlarımız oldu, amma uduzduq. Açıq danışaq, bəxtimiz gətirmir. Lüksemburq bəlkə də son zamanlar ən çox inkişaf edən millilərdəndir. İstər əsas, istərsə də U-19 və ya U-17 olsun. Son vaxtlar elit raunda vəsiqə qazanırlar. Bəli, qələbəyə sevindim. Bayaq dediyim sözə gəlib çıxırıq. Pis oynayaq, ancaq udaq. Həmin qələbə bizə çox vacib idi. Çünki qarşıdan daha çətin oyunlar gəlir. U-19 Özbəkistana uduzdu. Səhv etmirəmsə, onların sınağı noyabrın ortalarında başlayacaq. Sabah U-17-nin oyunları başlayır, Serbiyada oynayacağıq. Daha çox U-21-in qələbəsi vacib idi. Küləyin, bəxtin, ya nəyin hesabına oldu bilmirəm, amma oyunun sonunda qələbə qazandıq. Uşaqlar çox yaxşı oynadılar. Oyun sona qədər elə gərgin keçdi ki, televizorun qarşısında ürəyim partlayırdı. Sağ olsunlar ki, oyunun sonu yaxşı oldu. Bilirik ki, birinci və ya ikinci yerlə qrupdan çıxmaq ehtimalları yoxdur, amma belə qələblər lazımdır. Oradakı hər futbolçu sabah əsas milliyə dəvət olunacaq. Milliyə hardan oyunçu götürməliyik?

- Əliyev fərq yarada bilir?

- Pis işləmir. Oyunlarını tam yekunlaşdırsınlar, sonra baxıb qiymət verərik. 

- Oyundan sonra maraqlı ifadə işlətmişdi ki, "uduzsaydıq istefa ərizəmi yazmalıydım”. Bu, asan təslim olmaq kimi çıxmırmı?

- Samir bu sözləri deməməli idi. Samir zəif oğlan deyil. Onu məşqçi olaraq başa düşürəm. Ardıcıl üç oyun uduzmaq böyük təzyiq altında olmaq deməkdir. Məsələn, əcnəbilər heç mətbuatı oxumurlar. Nə qədər tənqid edirsən et, veclərinə deyil. İnandırım sizi, nə De Byazinin, nə də U-21-in əvvəlki məşqçisi Milan Obradoviçin dünyadan xəbəri yox idi. Udsalar da, uduzsalar da öz işlərini görürdülər. Azərbaycanlı məşqçilər isə həmişə təzyiq altında olurlar. Bu gün sosial şəbəkələr, saytlar çoxalıb. Dostları, qardaşları mətbuatda yazılanları onlara çatdırır. Bu da istər-istəməz məşqçiyə təsir edir. Məncə, təzyiqlərə görə elə danışıb. Məşqçi həmişə möhkəm olmalıdır. Obradoviç udanda da, uduzanda da deyirdi ki, "əsas işim milliyə oyunçu verməkdi, filankəsləri yetişdirmişəm”. Əslində isə bu, milliyə oyunçu vermək deyil. Baş məşqçi aşağı yaş qruplarından istədiyi futbolçunu özü dəvət edir. Obradoviç gəlməmişdən əvvəl də bu oyunçular vardı. Klubda oynayırlar, sən də ayda, ildə bir dəfə yığırsan meydana çıxarırsan. Təbii ki, yaxşı oynayandan sonra əsas millinin baş məşqçisinin diqqətini cəlb edir. Bəlkə Samir də xaricdə olsa, daha rahat işləyərdi.

- Bu həm də AFFA-nın yerli məşqçilərə güvənsizliyindən irəli gəlir. Halbuki əcnəbiyə qarşı eyni adımı ata bilmirlər…

- Təzyiqlər AFFA-da oturanlara da təsir edir. Bu səbəbdən yerli məşqçiləri daha tez yola salırlar. Yəqin ki, bunu əcnəbilərə qarşı edə bilmirlər. Heç De Byazinin də yazılanlardan, deyilənlərdən xəbəri yoxdur. Məncə, milliyə yeni nəfəs lazımdır. Çünki indən belə seçmə mərhələ oyunlarda qələbə qazansaq belə, bunun böyük əhəmiyyəti olmayacaq. Hər qələbəyə hamımız sevinirik. "Qarabağ” Azərbaycan futbolunu insanlara o qədər sevdirib ki, hamı qələbə görmək istəyir. Bir ara durğunlq var idi, amma indi hamı millidən qələbə gözləyir. Qələbələrə daha çox ehtiyacımız var. 

Səbuhi Həsənov