İdman 15:34 25.03.2023

Yığmamızın sabiq qapıçısı: “Mən də olsam, meydana onu buraxardım”

2024-cü ildə keçirləcək Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində millimiz dünən Avstriya ilə qarşılaşdı. Canni De Byazinin komandası səfərdə 1:4 hesabı ilə məğlub oldu. İtaliyalı mütəxəssisin heyətdə etdiyi dəyişikliklərdən biri də qapıçı mövqeyi ilə bağlı idi. Belə ki baş məşqçi seçmə mərhələnin ilk matçında gənc qapıçı Yusif İmanova güvənmişdi. İmanovun ümidləri nə dərəcədə doğrultduğu haqqında fikirlər müxtəlifdir. Gənc qapıçı müəyyən səhvlərlə yadda qalsa da, ümumilikdə komanda zəif təsir bağışladı. Təbii ki, bunun da səbəbkarı elə baş məşqçidir.

Yığmamızın sabiq qapıçısı Hüseyn Məhəmmədov Qaynarinfo-ya açıqlamasında İmanovun çıxışını dəyərləndirdi:

"Bu oyunda qapıçının üzərinə düşən qəbahətli bir şey yoxdur. Oyun ərzində onda hər hansı sıxıntı narahatlıq görmədim. Sadəcə, qapıçı kimi məsuliyyət gördüm. Üzərində məsuliyyət hiss edirdi. Məşqçi mən də olsam, Yusifi meydana buraxardım. Çünki uzun müddətdir "Sabah”ın əsas heyətində oynayır. Oyunlarda da rahat görünür. Qaldı ki, məşqçinin onu ya bu, ya da növbəti oyunda meydana buraxmasına, fərq etməz. Kimliyindən asılı olmayaraq, baş məşqçi hazır qapıçıya şans verməyi önəmli sayır. Belə də olmalıdır. Yusifdə gördüyüm müsbət məqamlar, oyunu başlatması, meydanda özünü daha sərbəst aparması idi. Əsas odur ki, təlaş, hay-küy yox idi. Məsuliyyət hiss edirdi”.

Məhəmmədov baş məşqçinin gənc qapıçıya ilk oyunda güvənməsinin yaxşı hal olduğunu dedi:

"Avstriya ilk qolu kombinasiya ilə vurdu. İkinci qolda topu qapıçının tuta biləcəyini deyirlər. Düzgün analiz etmək lazımdır. Hansı qapıçıya deyə bilərsən ki, təkbətək mübarizədən qalib ayrılmalısan? Bu, 99 faiz mümkün deyil. Təkbətəklər zamanı üstünlük 80-nin 20-yə faiz nisbəti ilə hücumçuda olur. Üçüncü qolda Yusif topa tullansa da, əlinə dəydi və qapıya getdi. Cərimə zərbəsi zamanı top canlı səddin üstündən qapıya daxil olursa, buna görə qapıçıya irad tutmaq yersizdir. Bu, futbolun qanunudur. Dördüncü qolun da necə vurulduğunu gördünüz. Oyun ərzində Yusif bir neçə dəfə komandanı qoldan xilas etdi ki, bu da yaxşı haldır. İnşallah gələn oyunda daha sərbəst olar. Canni De Byazinin bu gün ona etibar etməsi çox yaxşı haldır”.

Səbuhi Həsənov