Siyasət 18:38 12.09.2022

Yunanıstan Türkiyə ilə barışmaq istəyir, Ankara isə... (ŞƏRH)

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istədiyini açıqlayıb. Baş nazir Ərdoğanla danışıqlara hazır olduğunu deyib və belə bir görüşün Praqada keçirilməsini təklif edib. O, Türkiyə ilə dostluq münasibətləri qurmağın vacibliyini diqqətə çatdırıb. 

Qeyd edək ki, son günlər Türkiyə və Yunanıstan arasında münasibətlər kəskin şəkildə pisləşib. Yunanıstanın avqustun 23-də xidməti uçuş həyata keçirən Türkiyə döyüş təyyarələrində S-300 radarlarını kilidləməsi, növbəti gərginliyin yaşanmasına səbəb olub. 

Mövzu ilə bağlı Qaynarunfo-ya açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu belə bir görüşü mümkün saysa da, onun daha çox Afinanın Türkiyənin haqlı mövqeyinə göstərəcəyi adekvat münasibətdən asılı olduğunu düşünür:

"Prinsip etibarı ilə Ərdoğanla Mitsotakis arasında görüş keçirilə bilər. Lakin bu daha çox yunan tərəfinin Türkiyənin haqlı mövqeyinə nə dərəcədə adekvat münasibət göstərəcəyindən asılıdır. Rəsmi Afina isə bu günə qədər iki ölkə arasında mövcud olan probləmlərə obyektiv baxış sərgiləməkdən, adekvat münasibət göstərməkdək uzaq olub. Ümumiyyətlə, Türkiyə ilə Yunanıstan münasibətləri enişli-yoxuşlu və bir çox hallarda gərginliklərlə müşayiət olunan münasibətlərdir. Bu gərginliklər daha çox yunan tərəfinin Şərqi Aralıq dənizi və orada yerləşən adalara iddiaları, bu iddialardan irəli gələrək həyata keçirdiyi provokativ addımlar, Türkiyənin isə bu provokasiyalara verdiyi cavablar formasında baş verir. Lakin bu münasibətlər indiyədək müharibə vəziyyətinə gətirib çıxartmayıb və hər zaman idarə edilə biləcək səviyyədə saxlanılıb. Burada da təbii ki, hər iki ölkənin NATO alyansının üzvü olması önəmli rol oynayıb”.



Həmsöhbətimiz deyir ki, bu görüş keçirilsə belə, Afinanın atdığı bəzi addımlar iki ölkə arasında normallaşmanın olmasını mümkünsüz edir:

"Sonuncu dəfə 2020-ci ildə Şərqi Aralıq dənizində yaşanan gərginliyin 2021-ci ildən etibarən azalacağı gözlənilirdi. Yunanıstanın aqressiv silahlanma addımları, eləcə də Fransa və ABŞ ilə inkişaf edən intensiv hərbi əməkdaşlığa baxmayaraq, Ankara ilə Afina arasında 2016-cı ildən dayandırılmış danışıqlar 2021-ci ilin yanvarında məsləhət danışıqları adı altında bərpa edildi. Regional normallaşma dalğası kontekstində Yunanıstanın baş naziri Mitsotakisin bu ilin mart ayında İstanbulda prezident Ərdoğanla görüşü də kifayət qədər isti keçdi və bu görüşdə üçüncü tərəfləri problemlərə cəlb etməmək razılaşdırıldı. Lakin Yunanıstanın atdığı bəzi ardıcıl addımlar bu normallaşmanın davam etdirilməsini mümkünsüz etdi. 

Mitsotakisin may ayında ABŞ-a səfəri ilə Yunanıstanın Türkiyəyə qarşı olan mövqeyini daha birbaşa və açıq şəkildə göstərməyə başladı. Hətta deyə bilərik ki, Türkiyə əleyhinə geniş kampaniyaya başladı. Bu kampaniya bir tərəfdən ABŞ başda olmaqla müxtəlif ölkələrdə Türkiyədən şikayət etmək formasında aparılarkən, digər tərəfdən də Egeydə artan gərginlik şəklində davam etdi. Bu gərginliklər hava məkanının pozulmasından tutmuş, ərazi sularına, adaların silahlandırılmasından qeyri-qanuni miqrantlara qarşı qeyri-insani müdaxilələrə qədər bir çox sahədə özünü göstərdi. 

Tərəflər arasında məhz indi gərginliyə səbəb olan 4 amil var. Birinci məqam Şərqi Aralıq dənizində 2020-ci ildən mövcud olan gərginliyin Türkiyə tərəfinin atdığı praqmatik diplomatık gedişlərlə azaldılması, hətta əməkdaşlıq səviyyəsinə qaldırılması amilidir. İsrail və Misirlə münasibətlərin daha normal, hətta müəyyən mənada isti məcraya qədəm qoyması Yunanıstanı ciddi narahat etməkdədir. Bu kimi addımlarla Afina, gedişatdan narazı olduğunu göstərməkdədir. 
 


İkinci məqam təbii ki, Ukraynada gedən müharibədə rəsmi Ankaranın diplomatik tutumu və bundan irəli gələrək əldə etdiyi dividendlərdir. Türkiyə faktiki olaraq "taxıl böhranı”nı təkbaşına çözə bildi və eyni zamanda Ukrayna-Rusiya arasında yeganə sağlam və etibarlı kanal rolunu ustlənməkdədir. Bu isə onun nüfuzunu daha da artırır və mövqelərini gücləndirir. 

Üçüncü məqam Yunanıstanın öz daxilində gedən proseslərlə bağlıdır. S-300 həmləsinin yunan kəşfiyyat orqanı olan EYP-nin müxalifət liderləri və jurnalistləri dinləməsi ortaya çıxdıqdan sonra edilməsi, daxili siyasətdə olduqca çətin vəziyyətə düşən Miçotakisin, gündəmi dəyişdirərək nəzərləri "əbədi və əzəli düşmən” olan Türkiyəyə yönəltməsi düşündürücü məqamdır. 

Dördüncü isə Afinanın bu addımını Türkiyə ilə ABŞ arasında davam edən F-16 alqı-satqısı və modernizasiya prosesini, ümumilikdə Türkiyə-ABŞ münasibətlərini sabotaj etmək cəhdi kimi qiymətləndirmək olar”. 

Rüfət Sultan