Günay İlqarqızı
Ölkə 12:27 18.04.2020

Öz çarəsizliyindən utanmaq

Günay İlqarqızı

Özümü dərk edəndən güclü olmağa çalışmışam. Hərənin dərdindən bir parça alıb dəstək olmaq istəmişəm.  Bəzən bacarmışam, bəzən bacarmamışam, bəzən güclü olmağa çalışmışam, bəzən yorulmuşam… 

Bəzən də qınamışam… Dərdindən qaçıb intihar edib, ölümü özünə son dayanacaq edənləri qınamışam.

Ancaq harda bir çarəsiz üz, köməksiz qoca, çarəsiz ata, ana görəndə əlimdən heç nə gəlmədiyi üçün məhv olmaq istəmişəm. Bəlkə əlimdən nəsə gəlib, amma buna bəzən cəsarətim, bəzən gücüm çatmadığı üçün yox olmaq istəmişəm.

Yenə həmin günləri yaşayıram…

Son zamanlar gördüyüm bu insanlara edilən köməklərlə bağlı videolar hislərimi alt-üst edir.

Özümü bunlardan nə qədər uzaq tutsam da, bacarmıram…

Hər gün o videolarda daha kimlər var deyib, elə hey axtarıram…

Baxıram…

Bəzən sevinirəm, bəzən təəssüflənir, bəzən ağlayır, bəzən də sözün bitdiyi yerdə oluram.

Hər zaman bu sözü eşitmişəm: bir əlin verdiyini o biri əl bilməməlidir. Amma mən onu verən, çəkən, göstərən əllərdən utanıram. 

Bir qarın çörək üçün insanları bu hallara salıb, çarəsiz göstərənlərdən  utanıram…

Evində tənha ömür sürən qocaları, bu günlərdə bəlkə bir çörək ümüdi ilə evdən çıxan adı "qul bazarı” deyə adlandırılan yerdə duran insanları, xəstə uşaqları, köməksiz anaları, ataları görəndə ya çarəsizliyimdən utanıram, ya da onların çarəsizliyindən utanıb dünyanın lap uzaq bir küncünə gedib yox olmaq istəyirəm.

Mən insanlığın nəyə görəsə məhv olduğu, bəzilərinin çarəsizliyindən, bəzilərinin çox bilmişliyindən istifadə olunduğu zamanda yaşamaqdan utanıram…

Bax, yenə bu günlərdə düşünürəm: hara qaçım, hara gedim ki, bunları görməyim, eşitməyim, bilməyim. Varmı elə yer? 

Bu yeri tapmaqda belə çarəsizəm.

Dedim axı, mən öz çarəsizliyimdən utanıram. 

Bəs bunun bir çarəsi yoxmu?..