Dünya 17:57 13.11.2023

“Zelenski Kreml ilə danışıqlara getməyəcək” – Politoloq

"Kiyev heç bir danışığa getməyəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli İsraillə HƏMAS arasında müharibə başlayandan Ukrayna savaşına diqqətinin azalmasını şərh edərkən deyib.
 
 

Politoloq bildirib ki, danışıqlar barədə müəyyən fikirlər səsləndirilir. Hətta Qərb ölkələrində belə müəyyən dərəcədə bu barədə danışmağa başlayıblar:

”Onlar Ukraynanın bu gedişlə torpaqları tam azad edəcəyinə elə də əmin deyillər. Amma Kiyev qəti şəkildə bildirir ki, ərazi bütövlüyü təmin edilmədən, 1991-ci il sərhədləri bərpa edilmədən müharibəni dayandırmaq fikri yoxdur. Qərb hökumətləri də bu məsələdə Kiyevlə razı olduqlarını bəyan edirlər. Doğrudur, son dövrlər Rusiya müdafiə mövqelərini bir qədər möhkəmləndirib, cəbhəyə daha çox canlı qüvvə cəmləşdirib. Bu da döyüş meydanında vəziyyətin bir növ bərabərləşməsinə gətirib çıxarıb. Amma bütün bunlara baxmayaraq, Ukraynabelə vəziyyətin  müvvəqəti olduğunu, Qərbin dəstəyinin daha da genişlənməsilə növbəti hücuma başlayacağını da bəyan edir. Ukrayna rəhbərliyinin açıqlamaları da belə qənaətə gəlməyə əsas verir ki, Kiyev mövcud vəziyyətdə Moskva ilə danışıqlara getməycək. Tərəflərin danışıqlara meylli olması hələlik sezilmir. Qərb də öz növbəsində Kiyevi buna vadar etmir. Belə olan halda, müharibə davam edəcək”. 

Qeyd edək ki, oktyabrın 7-də İsraillə HƏMAS arasında başlanan görginlikdən üzü bəri dünyanın  Ukrayna cəhbəsinə olan diqqəti müəyyən dərəcədə azalıb. Onun nəticəsidir ki, ABŞ Konqresində bəzi  konqresmenlər tərəfindən Ukraynaya yardımın azaldılması, hətta dayandırılması məsələsi gündəmə gətirilib. Slovakiyanın timsalında bir sıra Avropa  ölkələri də Ukraynaya silah verməyəcəyini bəyan edib. Belə davam edəcəyi təqdirdə, Ukraynaya  Qərbdən gələn dəstəyin azalacağı, hətta dayandırıla biləcəyi barədə fikirlər tədricən də olsa gündəmə  gəlməyə başlayır. 

Rüfət Sultan