Ekonomiks 10:48 14.02.2023

Zəlzələ Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə necə təsir göstərəcək?

"Enerji məhsullarının qiymətlərində düşüşlər olmazsa, Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi azalma gözlənilmir”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov zəlzələ nəticələrinin Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə necə təsir göstərəcəyi ilə bağlı danışarkən deyib. Deputat bildirib ki, Türkiyədəki zəlzələnin iqtisadi nəticələri ilə yanaşı, qonşu ölkələr ilə ticari dövriyyəsinə təsirləri də xüsusi müzakirə olunur:

"Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6.0 milyard dollara yaxınlaşıb. 2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar olmuşdu. Ötən ilin ilki 11 ayında Türkiyəyə 3 milyard 323 milyon dollarlıq mal ixrac etmişik, qardaş ölkədən isə 1 milyard 48 milyon dollarlıq idxalımız olub”.
 
 
Vüqar Bayramov əlavə edib ki, Türkiyə eyni zamanda ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşıdır:

"3.0 milyard dollarlıq enerjidən kənar ixacatımızın təxminin 1/3-i Türkiyənin payına düşür. Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malik olmaqdadır. Xüsusən də qardaş ölkəyə mavi qaz ixracatında artımlar qeydə alınır”.

Deputat hesab edir ki, "əsrin fəlakətinin” coğrafiyası və Türkiyəyə ixracatımızn strukturuna diqqət yetirsək, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək:

"2023-cü ildə də ölkələr arasındakı enerji əməkdaşlığının güclənəcəyi gözlənilir. Qeyri-neft sahəsindəki əməkdaşlıq bu il də davam etdiriləcək”.

Bahar Rüstəmli