Dünya 18:22 08.12.2023

Zərdüşt Əlizadə: "Putin növbəti dəfə qələbə qazanacaq və..."

"Putinin seçkilərdə qələbəsi şübhəsizdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyada 2024-cü ilin martın 17-nə təyin olunan prezident seçkilərini dəyərləndirərkən deyib.

Politoloq vurğulayıb ki, Rusiyadakı orezident seçkilərinin nəticəsi indidən bəllidir:

"Birmənalı olaraq, Putin növbəti dəfə qələbə çalacaq. Bunu hər kəs bilir. Ölkənin bütün imkanları Putinin əlində cəmləşib. Siyasi rəqiblərə xəyali olsa da, belə şans verməyib. Putin hər şeyi öz əlində toparlayıb. Maliyyə, media, inzibati və güc strukturları-hər şey onun nəzarətindədir. Odur ki, Putinin qələbəsi şübhəsizdir. Bu seçkilər müasir Rusiya tarixində ən rəqabətsiz seçkilər olacaq".



Ekspert qeyd edib ki, Putin qələbəsinin Ukrayna savaşına, Rusiyanın Qərblə münasibətlərinə heç bir təsiri olmayacaq:

"Proses indi mövcud olduğu vəziyyətdə davam edəcək. Bu münasibətlər əvvəlki tək kəskin olaraq qalacaq. Müharibə də hələlik davam edəcək. Qərb Kiyevə real kömək etmək istəsə, Ukrayna müqavimət göstərə biləcək, yardım etməsələr, Ukraynanın aqibəti ağır olacaq". 

Qeyd edək ki, Rusiya Federasiya Şurası ölkədə prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Bu barədə palatanın dekabrın 7-də keçirilən iclasında müvafiq qərar qəbul edilib. 

Rüfət Sultan