İdman 13:20 03.02.2024

"Zirə"nin portuqaliyalısı: "Messi mükafata layiq deyildi,. Ronaldo isə..." (MÜSAHİBƏ)

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Səbail”lə qarşılaşan "Zirə" 2:1 hesablı qələbə qazanaraq, yarımfinala bir addım da yaxınlaşdı.  

"Zirə"nin qapıçısı Tyaqo Silva Qaynarinfo-ya müsahibə verib. Azərbaycan Kuboku, Premyer Liqası ilə bağlı danışan 23 yaşlı qapıçı vətəni Portuqaliya ilə Azərbaycan futbolunu müqayisə edib. O, həmçinin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Braqa" (Portuqaliya) qarşılaşmasında favoritin kimliyi haqda düşüncələrini bölüşüb. Qolkiper "FIFA The Best” mükafatının son nəticələrinə də münasibətini bildirib.

Həmin müsahibəni təqdim edirik:

- "Səbail"lə oyun haqda nə düşünürsən?

- Fikrimcə, oyun əla keçdi. Hər iki kollektiv keyfiyyətli oyun sərgilədi. Hakimlik isə ədalətli və qərəzsiz idi. Çoxsaylı qol imkanları yaratdığımız oyunda qələbəyə layiq olduğumuzu düşünürəm. Amma cütün qalibi hələ də müəyyənləşməyib. "Səbail" keyfiyyətli futbolçulardan təşkil olunmuş, təhlükəli komandadır. 

- Qış fasiləsindən əvvəlki və sonrakı "Zirə"ni müqayisə etsək, hansı dəyişikliklərin nəzərə çarpdığını deyə bilərsən? Komandanın Premyer Liqadakı potensialı necədir?

- Komandamız hazırda daha dinamik və baxımlı oyun sərgiləyir. Futbolçular indi bir-birilərini daha yaxşı anlayır və bu halda işlərimiz asanlaşır. Yeni iki futbolçumuz isə gücümüzə güc qatır.

- Adətən qapıçılar meydan oyunçularından daha çox müşahidə apara bilirlər. Komanda mövsümə yaxşı başladı və hətta bir müddət lider mövqedə qaldı. Bəs indi dördüncü yerdə olmağınızın səbəbləri nədir?

- Hazırda turnir cədvəlindəki mövqeyimiz müvəqqətidir və bunu müəyyən oyunlarda etdiyimiz bəzi səhvlərimizlə əlaqələndirmək olar. Bəzi qeydə alınan 0:0-lıq nəticələr isə oyunun gedişatında yaratdığımız qol imkanlarından istifadə edə bilməməyimizin nəticəsidir ki, həmin görüşlərdə qələbə qazanan tərəf biz ola bilərdik. Ümidvaram ki, çempionatı hazırkından daha yüksək pillələrdə başa vuracağıq. Baxımlı, özünəinalı futbol sərgiləyirik və bu halda mövsümün sonunda ikinci yeri tuta bilərik.

- Rəşad Sadıqov mətbuat konfransında demək olar hər dəfə hakimlikdən şikayətlənir. "Zirə"nin qeyri-sabit çıxışının səbəbi yalnız hakimliklə bağlıdır?

- Hakimlərlə bağlı neqativ fikirlər səsləndirə bilmərəm. Çünki onlar da insandır və səhvlərə yol verə bilərlər. Amma nədənsə bu yanlışlar çempionatda məhz "Zirə"nin oyunlarında olur. Meydançadakı hakimlərdən daha çox VAR hakilərinin qərarları məni məyus edir. Çünki normalda onların qarşısında görüntülər daha aydın və epizodu bir neçə dəfə izləmək imkanı olur. Bu halda yenə də yanlış qərar vermələrini anlaya bilmirəm. Amma hazırda olduğumuz mövqeyə görə, təkcə hakimləri ittiham edə bilmərik. Burada öz səhvlərimiz də var və onları aradan qaldırmalıyıq. 



- Portuqaliyalı futbolçu kimi Azərbaycan Premyer Liqasını necə dəyərləndirirsən?
 
- Çempionat yaxşı səviyyədədir və burada çox sayda keyfiyyətli futbolçular çıxış edir. Lakin hələ də onların inkişaf etməsi mümkündür. Daha çox azarkeş kütləsinə, rəqabətə ehtiyacımız var və əminəm ki, bu iki amil olduğu halda oyunlar indikindən də intensiv keçəcək. Hakimlərin də daha ədalətli və digər ölkə çempionatlarındakı meyarlara uyğun olmasını istərdim. Hələ də çempionatın düzgün yolda olduğunu düşünürəm və zənnimcə İsrail, Polşa kimi ölkələrlə müqayisə edilə bilər. 

- Yay fasiləsindən bəri ölkəmizdəsən. "Zirə"dən təklif gələndə nə düşündünüz və hər şey gözlədiyiniz kimi alındı? Oyunlara azarkeşlərin çox gəlmədiyi, Portuqaliyadakı kimi sürətli olmadığı Azərbaycan Premyer Liqasından zövq alırsan?

- "Zirə"nin təklifini qəbul etməzdən öncə həyatımın çətin mərhələsini yaşayırdım. Mental, şəxsi problemlərim var idi və mənə bunları unutduran məhz "Zirə" oldu. Sadəcə, heç bir gözləntim olmadan məni sevindirən bir təklifi qəbul edərək gəldim. "Zirə" karyeramın mühüm bir hissəsi olacaq. Gələcəkdə nəyin necə olacağını bilmirik, amma "Zirə" həyatımda xüsusi bir parça kimi qalacaq. Portuqaliya və Azərbaycan sırf azarkeş baxımından müqayisəyə belə gəlməz. Bu mənada inkişafa ehtiyacımız var. Portuqaliyada 30-40 min azarkeş önündə oynadığımız halda, burada 1500-2000 nəfərin qarşısına çıxırıqsa, Avropada daha rəqabətcil olmağa ümid edə bilmərik. Bununla bağlı düşünülməlidir və futbol federasiyası oyunlara daha çox azarkeş cəlb etmək üçün təcili tədbirlər görməlidir. 

- "Qarabağ" Avropa Liqasında "Braqa" ilə qarşılaşacaq. Növbəti mərhələ üçün kimin şansı daha yüksəkdir?

- Cütün favoritini seçsəm, bu, "Braqa" olardı. Onlar daha rəqabətli çempionatda çıxış edir. "Qarabağ"dan bahalı heyətə və ola bilsin son illərdə Avrokuboklarda daha çox təcrübəyə malikdirlər. Amma favoritlik meydandan kənarda qala bilir. Çünki futbolda hər şeyin baş verməsi mümkündür. Ümid edirəm iki möhtəşəm matç izləyə biləcəyik. 

- Azərbaycan futbolunun ən azı Portuqaliya səviyyəsinə çatması üçün daha nə lazımdır?

- Ən başlıca amil daha öncə qeyd etdiyim kimi, azarkeşlərdir. İkinci növbədə, Portuqaliyada hər hansı legioner limiti mövcud deyil və bu, çempionatı daha rəqabətli edir. Həmçinin müxtəlif formatda çox komandanın çıxış edə biləcəyi, daha az turun olacağı bir çempionatın yaradılması… Çünki hər rəqibə qarşı dörd oyun kifayət qədər çoxdur və sürpriz amilini aradan qaldırır.

- "FIFA The Best"in son seçimləri müzakirələrə səbəb oldu. Səncə, Messi bu mükafata layiq idi?

- Bu sual gülüncdür. Amma buna cavab verəcək ən yaxşısı mən deyiləm. Messi və Ronaldo arasında olan istənilən rəqabətdə, ölkəsinə aid hər şeyi sevən bir portuqal patriot olaraq heç bir zaman Messini dəstəkləmərəm. Hətta emosiyalara qapılmadan hadisələrə real baxsaq, son dəfə ilin ən yaxşısı mükafatına Messi layiq deyildi. Orada bu mükafata daha çox layiq olan Haland kimi futbolçular var idi. 

- Ronaldonu bu mükafata layiq hesab edənlərin sayı az deyildi. Kriştianonun haqqı doğrudanmı "yeyildi"?
 
- Səudiyyə Ərəbistanı çempionatının ən yaxşılardan olmadığını da nəzərə alsaq, Ronaldonun bu makafata layiq görülməsi ədalətsiz sayılardı. Amma Ronaldo mənə görə uzun illərdən sonra belə bütün dövrlərin ən yaxşısı olaraq qalcaq. Bir portuqal olaraq Ronaldo kimi futbolçumuzun olması bizim üçün fəxrdir və onu 39 yaşında oynayarkən görmək bunu bir daha təsdiq edir. O, ən yaxşısıdır.

Səbuhi Həsənov