İdman 10:38 17.08.2022

"Zirə"nin qapıçısı: "Niyə də çempionluq uğrunda yarışmayaq?"

"Zirə”nin qapıçısı Mehdi Cənnətov komandasının həm Konfrans Liqasında, həm də Azərbaycan Premyer Liqasındakı çıxışlarını dəyərləndirib. 

Qolkiper Qaynarinfo-ya açıqlamasında milliyə qayıda bilməməsi haqda da danışıb. O, əvvəlcə Konfrans Liqasında "Makkabi”yə məğlubiyyətlə bağlı fikirlərini bölüşüb:

"Makkabi” ilə pis oynamadıq, ümumilikdə əldən verdiyimiz real qol imkanlarımız oldu. Amma belə səviyyədə komandalara qarşı səhv edəndə rəqib bundan yaxşı yararlanıb, səni cəzalandırır”.

Cənnətov Azərbaycan Premyer Liqasının ikinci turunda "Sabah”a məğlubiyyətin səbəblərini belə izah edib:

"Sabah" böyük hədəfləri olan çox yaxşı bir komandadır. Asan oyun olmayacağını bilirdik. Nə baş verdiyini bilmirəm, amma bu oyunu zəif oynadıq. Emosiyalara təslim olmamalıydıq. Bir daha bunun yaşanmasına imkan verməmək üçün soyuqqanlılıqla təhlil etməliyik hər şeyi. Və hər oyuna yüz faiz güc qoyub, bir növ finala çıxırmış kimi oynamalıyıq”.

Qapıçı bu mövsüm çempionluq uğrunda yarışa biləcəklərini də deyib:

"Niyə də çempionluq uğrunda yarışmayaq? Rəşad müəllimin bizdən tələb etdiyi hər şeyi düzgün yerinə yetirsək, uğur qazanmağımız mümkündür. Mən belə düşünürəm ki, komandamız böyük hədəflər uğrunda mübarizə aparmağa hazırdır”.

"Çərçivə qoruyucusu” milli karyerası haqqında bunları söyləyib:

"Azərbaycan millisində çıxış etmək hər bir futbolçunun arzusudur, bunun üçün klubda özünü yaxşı tərəfdən göstərməlisən ki, əsas milliyə dəvət olunasan. Keçən mövsümün sonunda zədələndim və mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda keçirdim. Nə qədər tez meydana qayıtmaq istəsəm də, zədə buna imkan vermədi. Vaxt lazımdır”.

Səbuhi Həsənov