Amal Abuşov
İdman 11:01 05.12.2022

Bu gələn “Şamaxı”nın ayaq səsləri...

Başlayım ondan ki, "Sabah”ın  ispaniyalı hücumçusu Kristian Sebalyosun hərəkətini şiddətlə qınayıram. Aylardan bəri "Sabah”ı tərifləyirik, rəhbərliyin və baş məşqçinin işini alqışlayır, futbolçuların meydanda sərgilədiyi oyunu yüksək qiymətləndiririk. Amma yaxşıları dediyimiz kimi, gərkdi ki, mənfiləri deyək.
 
"Sabah” cameəsi Kristianın gənc azərbaycanlı futbolçuya əl qaldırması, ona fiziki təzyiq göstərməsi nə onun özünə, nə də "Sabah”ın ad-sanına yaraşan hərəkət deyildi. Düzdü, ispaniyalı "Sabah”ın oyun ərzində vurduğu yeganə qolun müəllifi oldu, komandasını önə çıxardı. Lakin elə onun kobud davranışına, gənc Kamran Quliyevə əl qaldırmasına görə "Sabah” azlıqda qaldı. Bunun da nəticəsində sonda qələbə hesabını da qoruya bilmədi, gözlənilmədən xal itkisiylə barışdı. Halbuki, "Qarabağ”la xal fərqi 3-ə qədər enmişdi, liderlə məsafə cəmi bir qələbə qədər yaxın idi. Bu xal itkisi ilə "Sabah” həm də əla fürsəti qaçırmış oldu.

Ümid edirəm ki, AFFA İntizam Komitəsi ispaniyalının bu qaba davranışını cavabsız qoymayacaq, "Sabah”ın legionerinə sərt cəza veriləcək. Eləcə də klub rəhbərliyi bu məsələyə laqeyd qalmamalıdı. Sebalyos həm komandasını azlıqda qoymaqla xal itkisinə səbəb olub. Həm də futbolçuya yaraşmayan davranışı ilə "Sabah”ın imicinə ciddi zərbə vurub. Biz indiyə qədər "Sabah”a və onun futbolçularına sayğı ilə yanaşmışıq. Masazır təmsilçisi çempionata rəng qatıb, "Neftçi”ni heç də əbəs yerə üstələməyib. Amma bu o demək deyil ki, komandanın əcnəbiləri istədiyini edə, yerli gəncləri meydanın ortasında vura bilərlər. O gənclər bizim hamımızındı. Elə Kamran Quliyevin də yetişməsində, bu səviyyəyə yüksəlməsində "Sabah”ın xidmətləri var. Deməli, bizimlə birlikdə "Sabah” da Kamrana, eləcə də digər gənclərimizə sahib çıxmalı, onları gəlmələrin ayağına verməməlidi.

Xoşagəlməz bu olay belə "Şamaxı”nın əzmkarlığını, qazandığı qızıldan qiymətli bir xalı kölgəyə sala bilməz. Biz illərdi bunu deyirik ki, azərbaycanlı gənclərə güvənmək, onlara şans vermək lazımdı. "Şamaxı”nın rəhbərliyi də bu strategiyanı seçib, ona uğurla əməl edir. İlk dövrədə "Şamaxı” məğlubiyyətləri sıralayanda da onlar bu prinsiplərdən imtina etmədilər, seçdikləri xəttə sadiq qaldılar. Artıq nəticə göz önündədi. "Şamaxı” ikinci dövrədə yalnız "Qarabağ”a böyük hesabla uduzub ki, bu da başadüşüləndi. Heç "Neftçi” də "Qarabağ”ın qarşısında tab gətirə bilmir. Əvəzində "Turan Tovuz” səfərdə, "Sumqayıt” doğma meydanda məğlub edilib. Onlardan savayı "Şamaxı” "Qəbələ”yə, "Səbail”ə, "Sabah” və "Kəpəz”ə uduzmayıb. İkinci dövrədə keçirdiyi yeddi oyununun altısında uduzmayan komandaya böyük bir "əhsən” düşür.

Özü də bu "əhsən”də yerlilərə inanan klub rəhbərliyinin və heyətdən düzgün istifadə edən məşqçilər korpusunun da böyük payı var. Məşqçiləri bəziləri kimi "legionerimiz yoxdu”, "bu heyətlə heç nə etmək olmaz” deyib, bəhanələrin arxasına sığınmadılar. İndi də çəkdikləri əziyyətin bəhrəsini görürlər. Bununla da "Şamaxı” Azərbaycan futbolunda yaxşı bir ənənənin əsasını qoymuş oldu. Biz futbolumuzun gələcəyinin ayaq səslərini "Şamaxı”nın gənclərinin timsalında eşidirik. Yola davam, gənclər!

Amal Abuşov