Siyasət 12:58 27.09.2023

Ərdoğanın səsləndiridiyi yeni format gerçəkləşə bilərmi? (ŞƏRH)

"Ərdoğanın 3+3 formatı dördlük formatı ilə əvəzlənə bilər" açıqlaması Cənubi Qafqazda Türkiyə, Azərbaycan, İran və Rusiya əməkdaşlığını gündəmə gətirib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Ərəstun Oruclu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yolun İran üzərindən keçə biləcəyi ilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib.

Ərəstun Oruclu bildirib ki, bu açıqlama ABŞ-a yönəlik mesaj ola bilər: 



"Belə başa düşürəm ki, ABŞ-la Ermənistan arasında başlanan yeni münasibətlər formatı Zəngəzur dəhlizinin əleyhinədir. Ərdoğan da İran məsələsini gündəmə gətirməklə ilk növbədə ABŞ-ın diqqətinə çatdırmaq istəyir ki, onlar Zəngəzur layihəsinin həyata keçməsinə mane olarsa, Türkiyə regionda əməkdaşlığı Tehranla quracaq. Ankara bununla göstərmək istəyir ki, belə olan təqdirdə İranla müəyyən məsələlərdə, ilk növbədə Cənubi Qafqaza münasibətdə eyni platformadan çıxış edə bilər. Yəni söhbət Cənubi Qafqazda Türkiyə, Azərbaycan, İran və Rusiya əməkdaşlığından gedə bilər”. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfərdən qayıdan zaman jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və Tehran bu məsələdə maraqlıdır. Bu açıqlamasından bir qədər əvvəl verdiyi müsahibələrində isə Ərdoğan Ermənistanı Zəngəzur dəhlizini açmağa səsləmişdi. Görünür, müsbət cavab almamağım nəticəsidir ki, Türkiyə lideri İrandan yol məsələsini gündəmə gətirib. 

Rüfət Sultan