Siyasət 16:27 01.07.2022

Hikmət Hacıyev Armen Qriqoryanla niyə görüşmədi? (ŞƏRH)

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilməsi gözlənilən Brüssel görüşü baş tutmayıb. Bununla bağlı Azpolitika.info diplomatik mənbəyə istinadən yazır ki, Bakının imtinasının real səbəbləri var.

Xatırladaq ki, iyunun 6-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar erməni mətbuatına müsahibəsində qərəzli mövqe nümayiş etdirib. O, iddia edib ki, Qarabağ ermənilərinin fikri nəzərə alınmadan hərtərəfli nizamlanmaya nail olmaq mümkün deyil. Klaar daha sonra bildirib ki, Qarabağda yaşayan insanlar hərtərəfli nizamlanmaya nail olmaqda əsaslı şəkildə maraqlıdırlar: "Bu adamların fikirləri və baxışları nəzərə alınmadan nizamlanmaya nail olmaq mümkün deyil. Prezident Mişel açıqlamasında çox məsələni qeyd etməyib. Bu bəyanat həll edilməli olan bütün məsələləri əhatə etmədi. Amma fakt budur ki, biz həmişə münaqişənin hərtərəfli həllinə ehtiyac olduğunu vurğulamışıq. Biz bu istiqamətdə işləyirik”.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Strateji Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli qeyd edir ki, bölgədə ATƏT-in Minsk qrupu xətti adı altında gələn beynəlxalq maraq qruplarına yaşadığımız coğrafiyada imkan tanımamaq qərarı verilib:

"Əvəzində Ağdamda Rusiya-Türkiyə birgə nəzarət mexanizminin işə düşməsi onun ilk nəticəsi idi. Qafqazdakı hərbi-siyasi proseslərə Türkiyə də daxil edildi. Amma NATO-suz. İkinci mərhələ isə Avropa İttifaqı xəttilə danışıqlarda moderatorluq təşəbbüsünün həyata keçirilməsilə baş verdi. Hər iki faktorda ATƏT-in Minsk qrupu adında formatdan konkret olaraq de-fakto imtina gündəmə gəldi. Bunu Azərbaycan, sonradan Rusiya da bəyan etdi. Ermənistan isə istəyir ki, Paşinyanın bağlı olduğu Qərb xəttilə ATƏT-in Minsk qrupu təsir imkanları rıçaqlarını yenidən diriltsin. Burada birinci növbədə siyasi iradə Fransaya məxsusdur. Paris Rusiya və Türkiyənin Qafqazda oynadığı mövqedən qıcıqlanır. Bununla belə, Fransa Avropa İttifaqı xəttilə də olsa prosesdə təmsil olunmaqdadır”.

Hikmət Hacıyevlə Armen Qriqoryan arasında görüşün təxirə salınmasına gəldikdə, həmsöhbətimiz düşünür ki, burada əsas problem kommunikasiya xətlərilə əlaqədardır:

"Bölgədəki mənbəyə yönəlik qərar verəcək nüfuz sahibi həmin kommunikasiyalara sahib ölkə olacaq. Bu birmənalı şəkildə, ya Türkiyə, ya Rusiya, ya da Avropa İttifaqının maliyyəsilə olmalıdır. Kiçik detalları Zəngəzur dəhlizi üzərindən müzakirə ediriksə, onun daha qlobal görüntüsü də var. Çünki bu gün bölgədə Britaniya ilə Çin arasında keçəcək yol üzərində üstünlük kimdə olsa, qərarı da o verəcək. Həmin yol üzərində müharibə aparan Rusiya və Qərb ilk addım kimi bunu Zəngəzur dəhlizindən başladı”.

Kommunikasiyalar uğrunda savaş deyəndə ekspert Zəngəzur dəhlizinə nəzarət uğrunda müharibənin getdiyini nəzərdə tutur: 

"Ortaya çıxan mənzərədə Bakı həmin dəhlizin idarəetmə rejiminin tamamilə İrəvanın əlində olmasını qəbul edə bilməz. Beynəlxalq dəhliz prinsipi bunu tələb edir. Rusiya isə burada məsələni öz üzərinə götürməklə Azərbaycanla Türkiyə arasında strateji önəmə sahib ola bilər ki, bu da uyğun variant deyil. Burada Aİ-nin də marağı təmin olunmalıdır. Çünki Brüsseldə keçirilən görüşlərin əsas razılaşması o idi ki, Zəngəzur dəhlizi reallaşarsa, Ermənistana düşən hissənin smeta xərcini Aİ qarşılayacaq”.

Rüfət Sultan