Hüseynbala Səlimov
Siyasət 11:25 30.01.2023

İrəvana gələn 200 casus..

Sözsüz ki, Tehrandakı səfirliyimizə hücum bir neçə gündür, gündəmin əsas mövzuları olan digər xəbərləri kölgədə qoydu. 

Amma sözümüz bunda deyil¸hərçənd, bu xüsusda İrana da deyiləsi iradlar, ondan alınası izahlar var. Əgər məsələ İran rəsmilərinin iddia etdiyi kimi, ailə-məişət zəminlidirsə, niyə görə o, bu günlərə, Tehran ilə Bakı arasında ziddiyyətlərin ən gərgin vaxtına təsadüf etdi? Yox, əgər hadisə terrorçular, hansısa radikallar tərəfindən törədilibsə, nəyə görə onlar əvvəlcə bizim Londondakı, indi də Tehrandakı səfirliyimizi hədəf seçiblər? 

Məgər daha düzgün və məntiqli olmazdımı ki, onlar bütün bu aktları bzim müsəlman dini məbədlərimizi təhqir edən, uzun illər ərzində İrəvanda və cəmi Ermənistanda müsəlman izlərini silən ermənilərə, Azərbaycandan da əvvəl İsraildə səfirlik açan (guya Tehranın Bakıya qarşı əsas bəhanələrindən biri budur!), hazırda isə ərazisinə Avropanın "xüsusi missiya”larını cəlb edən Ermənistana qarşı, onun diplomatlarına və diplomatik strukturlarına qarşı törətsinlər?.. 

Düz otuz ildir ki, Tehranı geosiyasi qarabasmalar təqib edir, o, Azərbaycanı İsrailin və ABŞ-ın forpostu hesab edir, bizim ərazimizdə yalnız bu dövlətlərin izlərini görür. Bunun bir sonu olacaqmı? 

Düşünmürük, bu sualların hansısa bir cavabı olsun, çünki onlar birinci dəfə deyil ki, səslənirlər, onları min dəfələrlə eşitmişik. Odur ki, daha doğru-dürüstü bu olardı ki, biz İrana boylanmadan öz siyasətimizi aparaq, İsrail və ABŞ-la siyasətimizi daha daha da dərinləşdirək, Avropa ilə təmaslarımızı daha da artıraq...

İndi gələk bölgədəki Qərb-Rusiya qarşıdurmasına. Ermənistnanın öz ərazisinə Avropanın "xüsusi missiya”sını cəlb etməsi fonunda o, daha da dərinləşib. Rusiya alternativ kimi KTMT-nın missiyasını təklif edir və bu da ən azı formal baxımdan məntiqli görünür, çünki Ermənistan ilk növbədə bu qurumun üzvü hesab edilir, baxmayaraq ki, son vaxtlar ona qarşı kəskin tənqidi mövqe sərgiləyir. Bunun səbəbi də budur ki, KTMT İrəvanın "göz yaşları”na etinasız yanaşır, onlara məhəl qoymur.  

Burada bir nüans da var. İrəvanın Qərb çabaları təkcə ölkənin maraqlarından irəli gəlmir, yox, Nikol Paşinyan özü də qərbçidir və İrəvanın geosiyasi alternativi kimi məhz Qərbi görür. Ruslar onu qəbul etmir, hələ də təhqirlə "sorosyonok” adlandırır və bu adamın Sorosun pulları ilə hakimiyyətə gəldiyini deyirlər. Doğrusu, biz də buna inanmaq istərdik. 

Amma suallar yaranır. Niyə görə Soros Ermənistanın regional siyasətinin dəyişməsində maraqlı olmasın? Axı Soros pullarını avtoritar, qapalı rejimlərin çökməsinə, hər yerdə açıq cəmiyyətlərin oturuşmasına xərcləyir! 

Niyə görə cənab Corc Soros Ermənistanın daha açıq siyasi-iqtisadi modelə keçməsini, niyə onun Azərbaycanla və Türkiyə ilə daha işgüzar münasibətlər qurmasını, böyük geoiqtisadi layihə olan Zəngəzur dəhlizinin reallaşmasını istəməsin? Axı sonuncu qloballaşma siyasətinin daha bir ciddi təsdiqi olardı...  

Məsələ bundadır ki, baş nazir Nikol Paşinyan yalnız müəyyən şərtlər daxilində "qərbçi”dir, Qərb ona daha çox ona görə lazımdır ki, Azərbaycana və Türkiyəyə qarşı özünün axmaq siyasətini apara bilsin. 

Bilirsiniz, Ermənistanda təkcə Robert Koçaryan və Serj Sarqsyan revanşist siyasətçi deyillər, onların hamısı revanşistdir və hamısı ümid edir ki, Azərbaycandan qisas almaq üçün daha əlverişli vaxt yetişəcək. Elə Paşinyana da Sorosun açıq cəmiyyət ideyaları on ikinci barmaq kimi lazımdır, Sorosun pulları ona daha çox Türkiyəyə və Azərbaycana qarşı duruş gətirmək üçün lazımdır. 

Əlbəttə, cənab Nikol Paşinyan başa düşür ki, regional geosiyasi dəyişikliklər labüddür, amma o, bu dəyişikliklərə elə getmək istəyir ki, bundan yalınız ölkəsi udsun. Praktikada isə belə olmur. Dəyişikliklər hamı üçün dividendlər gətirməlidir. Bu səbəbdən də N.Paşinyan ardıcıl qərbçi deyil. O, cəmiyyətə müəyyən mesajlar ötürür, amma şərait azca dəyişən kimi onları tamamilə unudur. 

İndi məhz bu baş verir – Qərbin və xüsusən də Fransanın dəstəyi onun başını gicəlləndirib. "Avropa missiya”sı deyilən 100-200 nəfərlik qrup heç də sırf mülki insanlardan təşkil olunmayıb – onlar hərbçilər və keçmiş kəşfiyyatçılardır. Aydındır ki, bu adamlar suyu daha da bulandırmaq üçün gəlirlər. Sözsüz ki, bunları Kremldə də bilirlər. Ona görə də hələ bilmək olmaz bundan sonra daha nələr olacaq.
 
Hüseynbala Səlimov