Amal Abuşov
İdman 09:43 01.04.2024

"Qarabağ" "ikinci həyat" verir

"Kəpəz”i 6:1 hesabıyla məğlub edən "Qarabağ” 11-ci çempionluğunu rəsmiləşdirdi. Bununla da "köhlən atlar” mövsümün qalan 8 turunu formallığa çevrildi. Onsuz da Qurban Qurbanovun komandasının gücü heç kimdə şübhə doğurmurdu. Hamıya məlum idi ki, rəqiblərini bir neçə baş üstələyən Ağdam təmsilçisi mövsümü çempion kimi bitirəcək. Yeganə sual bu çempionluğun neçənci turda rəsmiləşəcəyi idi ki, artıq həmin sual da cavabını tapıb.

Bu çempionluq həm də yeni rekordun qeydə alınmasıyla əlamətdar oldu. İndiyə qədər "Qarabağ” iki dəfə sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirmişdi. 2015/2016 və 2017/2018 mövsümlərində sona Qurban Qurbanov və onun komandası sona 4 tur qalmış çempionluğu təmin etmişdi. İndi isə "Qarabağ” bütövlükdə sonuncu dövrəni formallığa çevirdi. Sona düz səkkiz tur qalmış rəqibləri üçün əlçatmaza çevrilən "köhlən atlar" öz rekordlarını da ikiqat üstələməyi bacardılar. Bizim çempionatı yaxından izləyənlər bilir ki, "Qarabağ” bu üstünlüyü tam layiqli oyunla, səviyyə fərqi ilə qazanıb. Onu da nəzərə almaq lazımdır ki, Qurban Qurbanovun çalışdırdığı komanda mövsümün böyük bir hissəsini "iki cəbhə”də mübarizə apardı, Avropa Liqasında Azərbaycanı uğurla təmsil etdi. Qurban bəy layiqli əvəzedici qüvvə formalaşdırmaqla, komandasının gücünü düzgün bölməklə bütün cəbhələrdə uğur qazanmağı bacardı.

Sözün düzü, rəqibinə 1:6 hesabıyla uduzan "Kəpəz”in baş məşqçisi Adil Şükürovun oyundan sonra verdiyi açıqlamaları təəccüblə qarşıladım. Bəlkə də ağır məğlubiyyətin təsiri Adil bəyə fikirlərini düzgün ifadə etməyə imkan vermədi. Onun dediklərinə başqa cür izah verməyə çətinlik çəkirəm. Adam durduğu yerdə nə üçün çempionatdakı komandaları "Qarabağ”a qarşı aqressiv oynamağa çağırsın ki?! Guya, Azərbaycan Premyer Liqasında çıxış edən rəqiblər "Qarabağ”ı qoruyurmuşlar. Kim "Qarabağ”ı qoruyur? Noyabrın 4-də "Kəpəz” Respublika stadionunda "Qarabağ”la qarşılaşmışdı və 1:7 hesabıyla məğlub olmuşdu. Həmin görüş də Azər Məmmədov üçün "Kəpəz”in baş məşqçisi kimi sonuncu olmuşdu. Gənc mütəxəssis istefa qərarı almış, onun yerinə isə məhz Adil Şükürov gətirilmişdi. Ola bilsin ki, "Kəpəz”in növbəti ağır məğlubiyyəti Adil bəyin əhvalını korlayıb, o da belə ehtiyatsız ifadələr işlədib.

"Qarabağ”a qarşı aqressiv oynamaq nə deməkdir? Onun futbolçularına qarşı kobudluq etmək, "ayağını topdan çək, yoxsa sındıracağam” prinsipi ilə oynamaq? "Kəpəz” və onun kimi digərləri "Qarabağ”dan o qədər geri qalır ki, heç bu taktikanın işə yarayacağı da inandırıcı görünmür. Əvəzində ölkə futbolunun Avropadakı qüruru çətin avrokubok oyunlarına ciddi itkilərlə çıxa bilər, zədə səbəbindən aparıcı üzvlərini itirər. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, "Qarabağ”ın yerli futbolçuları da millimizin üzvləridi. Deməli, Adil bəyin çağırışına səs verib, onlara qarşı aqressiv oynamaqla millinin futbolçularını da sıradan çıxarmaq ehtimalı da yaranır. Bundan Azərbaycan futbolu nə qazanacaq?!

Az əvvəl qeyd etdiyim kimi, ümid edirəm ki, bu sözlər ağır məğlubiyyətdən təsirlənən Şükürovun hislərə qapılmasının nəticəsidir. Gələcəkdə belə çağırışlar eşitmərik. Adil Şükürova, onun çalışdırdığı "Kəpəz”ə kim mane olur ki, "Qarabağ”a layiqli rəqabət təklif etsinlər? Eləcə də Premyer Liqanın digər iştirakçılarına. Belə ehtiyatsız cümlələrə müəlliflik etməkdənsə, büdcəni düzgün istifadə etmək, yararsız legionerləri Azərbaycana doldurmaqdan çəkinmək lazımdır. 

İstər yerli, istərsə də əcnəbi futbolçular Qurban Qurbanovun əlinin altında püxtələşir, məşhurlaşır, Avropanın aparıcı klublarının diqqətini öz üzərinə çəkir. Kadinin "Krasnodar”a transferiylə büdcəsini zəngiləşdirən "Qarabağ” indi Juninyonu "yeni ulduz”a çevirməyi bacarıb. Artıq bir çox tanınmış klublar "Qarabağ”ın hücumçusunu yaxından izləyir, onu yayda transfer etməyə hazırlaşır. Eləcə də Benzia 6 ildən sonra Əlcəzair millisinə dəvət aldı. Onun dönüşü möhtəşəm alındı. Boliviyanın qapısına yol tapan Benzia CAR-la oyunda "dubl” etdi, daha bir qolun da ötürməsini verdi. "Qarabağ” təkcə nəticə qazanmır, həm də "ikinci həyat” verməklə məşğuldur. Ümid edək ki, belə də davam edəcək.

Amal Abuşov