İdman 17:35 10.08.2022

“Qarabağ” növbəti mərhələyə adlayacaqmı? - Mütəxəssis rəyi

Ötən gün "Qarabağ” Macarıstan çempionu "Ferentvaroş”u məğlub etməklə pley-off-a adladı. Azərbaycanlı futbolsevərləri qələbəsi ilə sevincə qərq edən Ağdam klubu növbəti mərhələdə Çexiya təmsilçisi "Viktoriya” (Plzen) ilə qarşılşacaq. Bununla yanaşı, sabah daha bir klubumuz avrokuboklarda növbəti "imtahanını” verəcək. "Neftçi” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Rapid”in qonağı olacaq. 

Tanınmış müəxəssislərdən Novruz Əzimov hər iki klubumuzun şanslarını dəyərləndirib. O, Qaynarinfo-ya açıqlamasında deyib:

"Qarabağ” dünən çox gözəl oynadı və layiq olduğu qələbəni qazandı. Sözsüz ki, bu elə-belə başa gəlmədi. Başda Qurban Qurbanov olmaqla məşqçi korpusunun zəhmətinin nəticəsidir. Adətən deyirlər ki, udanda komanda udur, uduzanda baş məşqçi. Subyektiv fikrimdir, bu, məşqçinin işinin daha yüksək səviyyədə olmasından irəli gəldi. Gözəl oynadılar, nə qədər imkanları oldu ki, həyata keçirə bilmədilər. Alqışlayıram ki, komanda belə oynayıb, bütün Azərbaycanı sevindirdi. "Ferentsvaroş” elə-belə komanda deyil. "Qarabağ”a eşq olsun deyirəm. Çexiya klubunun oyununu görməmişəm. Onlar "Şerif”i məğlub etdilər. "Şerif "heyətdən bir neçə futbolçunu itirdi. Keçənilkindən zəif idi. Amma bu o demək deyil ki, "Viktoriya” da zəifdir. Bura qədər gəlib çıxıbsa, deməli, yaxşı komandadır. Şanslar? "Qarabağ” qalib olacaq və növbəti mərhələyə adlayacaq”.
 


Əzimov "Neftçi”nin də şanslarını qiymətləndirib, "Rapid”in çıxışı haqda fikirlərini bölüşdü:

"Oyunu stadiondan izləmişəm. Fərziyyələrlə deyil, faktlarla deyirəm, "Rapid” yaxşı komandadır. İlk hissədə göstərdilər ki, xüsusən də onların sağ cinahındakı futbolçular bizimkiləri tez-tez narahat edirdi. Güclü komandadır. Amma "Neftçi”nin potensialı var, hər şey ola bilər. Deyə bilmərəm ki, şansları yoxdur. Amma futbolçular hansı vəziyyətdə oyuna çıxacaq, ondan çox şey asılı olacaq. Üstəgəl əzmkarlıq… Qalibi bu məsələlər təyin edəcək. Hazırda "Neftçi”də yeni məşqçinin işi görünmür. Lakin futbolçular yaxşı nəticələr əldə etməyə qadirdilər. Ayrı-ayrılıqda hər bir futbolçunu nəzərə alsaq, bu mərhələni aşmağa qadirdirlər. Atmosfer də öz sözünü deyəcək. "Rapid” elə bir rəqibdir ki, keçməyə də bilərsən. "Neftçi”yə uğurlar arzulayıram. İanıram ki, ölkənin reytinqinə xallar əlavə edəcək, üstgəl futbolumuzun daha yaxşı olmasında rol oynayacaq”.

Səbuhi Həsənov