Siyasət 12:08 24.09.2022

Qərb ölkələri Ermənistanda nədən qorxur? - "Azərbaycan bunu cavabsız qoymayacaq" (ŞƏRH)

Avropa dövlətləri və ABŞ öz vətəndaşlarını Ermənistanın bir neçə bölgəsinə səfər etməməyə çağırıb. Bu bölgələr arasında Zəngəzur, Göyçə və digərlərinin adı çəkilir. 

Son zamanlar Ermənistan təxribatlara əl ataraq, Azərbaycanla sərhədboyu genişmiqyaslı hərbi provakasiyaya yol verib. Bu da onu göstərir ki, İrəvan sülh proseində maraqlı deyil. Bu təxribata cavab olaraq, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirib. 

İrəvanın təxribatı ilə gərginləşən mövcud vəziyyət yenidən daha genişmiqyaslı hərbi əməliyyatların olması ehtimalını da artırıb. Belə vəziyyətdə Qərb ölkələrinin öz vətəndaşlarına etdiyi bu xəbərdarlıq regionda hansısa hərbi eskalasiyanın yenidən alovlana biləcəyinin anonsu deyilmi? 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, erməni təxribatlarının davam etməsi fonunda yaxın günlərdə Ermənistan ordusunun daha ciddi şəkildə cəzalandırılacağının şahidi olacağıq:
 


"ABŞ və Avropa ölkələrinin öz vətəndaşlarına ünvanladıqları bu xəbərdarlıq Ermənistanın son aylar Azərbaycana qarşı sərhəddəki 5 rayon ərazisində davam etdirdiyi təxribatlarla bağlıdır. Düşmən tərəf əvvəl Kəlbəcər və Laçın rayonu istiqamətində təxribatlar törədirdisə, son günlər hətta Daşkəsən, Zəngilan, hətta Tovuz istiqamətində də təxribatlarını davam etdirib. Bu gün Kəlbəcər istiqamətində 3 əsgərimiz yaralanıb. Azərbaycan heç bir halda bunu cavabsız qoymayacaq. ABŞ və Avropa da bunu yaxşı anlayır. Ona görə də həmin ölkələr öz vətəndaşlarına Ermənistanın bəzi ərazilərinə getməyi qadağan edə bilər. Bu onların öz işidir. Azərbaycanın isə vəzifəsi ərazimizə və əhalimizə qarşı təxribat törədən düşməni darmadağın etməkdən ibarət olmalıdır”. 

Rüfət Sultan