İdman 18:20 04.10.2022

“Sumqayıt”ın kapitanı: “Baş məşqçinin çamadanı həmişə hazır olmalıdır”

Aleksey Baqa ilə yolları ayırıb, Samir Abasovla müqavilə bağlayan "Sumqayıt” ötən turda da qarşılaşdığı "Kəpəz”lə matçda da qələbə üzünə həsrət qaldı. Geridə qalan 8 tur ərzində cəmi bir qol vuran sumqayıtlıların durumu heç də ürəkaçan deyil. Bəs bunun səbəbi nə ola bilər? 

Suallarımıza komandanın kapitanı Vurğun Hüseynovdan cavab aldıq. Təcrübəli müdafiəçi Qaynarinfo-ya müsahibəsində bəzi məsələlərə aydınlıq gətirdi:

- "Sumqayıt” ötən tur "Kəpəz”lə matçda xal itirdi. Oyun haqqında fikirləriniz və komandadakı ab-hava necədir?

- Təbii ki, ab-hava elə də yaxşı deyil. Çünki 8 turdur qələbə qazana bilməmişik. Bilirsiniz ki, baş məşqçimiz dəyişildi, Samir Abasov gəldi. Düzdür, Samir müəllim bizi 4-5 dəfə məşqə çıxarıb. İclaslar oldu, bizə inandığını dedi. Sonra "Kəpəz”lə oyuna hazırlaşdırdı. Evdə oynadıq. "Kəpəz” də pis komanda deyildi, Tərlan Əhmədovun gəlişindən sonra fərq hiss olunur. Udulası oyun idi, ancaq uda bilmədik. Yenə də həvəsdən düşmək lazım deyil. Oyunlar çoxdur. Düşünürəm ki, qarşıdakı oyunlarda qələbə qazanacağıq.

- "Kəpəz”lə oyunda qələbə üçün nə çatmadı?

- Çempionat başlayandan qol vura bilməməyimiz xəstəliyimizə çevrilib. Qol vəziyyətlərindən yararlana bilmirik. Fikrimcə, daha çox çalışıb öhdəsindən gələcəyik. 

- Bu qədər uğursuzluq güman ki, komandada ruh düşkünlüyü yaradıb. Bir kapitan kimi komandadan futbolçulardan nələrsə tələb edirsinizmi?

- Təbii ki, öz aramızda danışıqlar olur. Səhvlərimizi analiz edib daha yaxşı nəticə çıxarmaq istəyirik. Amma məsələ budur ki, danışıqlar da işə yaramır. "Qara zolağ”a düşmüşük. 

- Təcrübəli futbolçu və kapitan kimi heyətdəki legionerlərlə bağlı hansı düşüncədəsiniz? Onlar niyə komandaya uyğunlaşa bilmir?

- 9-10 legionermiz var. Hücumçularımız zədəlidir. Bəziləri pis futbolçular deyil, sadəcə komandaya tam uyğunlaşa bilmirlər. Yəqin ki, bunun üçün onlara vaxt lazımdır. Çempionatımız da qəlizdir, rahat deyil. Hər futbolçu baş çıxara bilmir. Özlərini göstərmələri üçün zaman lazımdır.

- Bu qədər legioneri olan komanda uzun müddətdir qələbə qazana bilmir…

- Qələbə qazana bilmiriksə, hər birimizin səhvi var. 

- Abasov komandada hansı dəyişiklikləri etməyə çalışır? Nə hiss edirsiniz?

- Hər məşqçinin öz istəyi, məşq sistemi və taktikası var. Məşqçiyə də vaxt lazımdır ki, komandaya öz oyun üslubunu mənimsətsin. Düşünürəm ki, vax keçdikcə daha yaxşı "Sumqayıt” görə bilərsiniz. Təbii ki, hər yeni məşqçi gələndə futbolçular özlərini göstərmək istəyirlər, canlanma olur. 

- Aleksey Baqanın rəhbərlik etdiyi komandanın uğursuzluğunun səbəbini necə izah etmək mümkündür?

- Fuboldur, baş məşqçinin çamadanı həmişə hazır olmalıdır. Baqa həqiqətən həm insan, həm də məşqçi kimi yaxşı idi. Bizdən əvvəlki komandalarında çempionluqlar qazanıb. Alınmadı, nəticələr yaxşı olmadı. Sağ olsun, hər müsahibəsində sinəsini irəli verib bütün məsuliyyəti öz üzərinə götürürdü.

- Baqa komandaya əsasən nə ilə bağlı iradlarını çatdırırdı?

- Analizlərimiz olurdu, səhvlərimizi deyirdi. Hər oyun qol vəziyyətlərindən yararlana bilmirdik. Bilmirəm "Qara zolağ”a düşmüşük, bəximiz gətirmir, ya səbəb nədir. Analiz edəndə həqiqətən görürük ki, çox yaxşı qol vəziyyətlərimiz olur, amma yararlana bilmirik. 

- Legionerlər gələndən sonra hamı gözləyirdi ki, "Sumqayıt” daha yaxşı çıxış edəcək. Ancaq gözəgəlimli nəsə görünmür.

-  Sizinlə tam razıyam, çünki 8 oyunda cəmi 1 qol vurmuşuq, qələbəmiz yoxdur. Deyiləcək bir müsbət bir söz də yoxdur ki, danışaq. Çalışmaq lazımdır, başqa yolumuz yoxdur. 

- Qarşıdan "Səbail”lə oyun gəlir. Belə bir durumda hazırlıq necə gedir?

- Bu gün istirahətdəyik. Sabahdan "Səbail”lə oyunun hazırlıqlarına başlayacağıq. Həm onlara, həm də bizə qələbə lazımdır. Yaxşı, çətin oyun olacaq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Qələbə olmayanda əhval-ruhiyyə yaxşı olmur. Çalışacağıq ki, əhval-ruhiyyəmizi yüksəldək və qələbə qazanaq.

Səbuhi Həsənov