Media Kodeks

Qaynarinfo.az saytı (qaynar.az, qaynar.info, bundan sonra sadəcə - Qaynarinfo) "Hot Media" şirkətinə daxil olan müstəqil informasiya resursu, kommersiya layihəsidir.

Missiyamız etibarlı informasiya vermək və fəal azərbaycanlıya əhəmiyyətli hadisələri izah etməkdir. Biz öz oxucularımıza şüurlu qərarlar verməyə kömək edirik.

Dəyərlərimiz etimad, faydalılıq və inkişafdır.

Etimad – doğru və dəqiqləşdirilmiş xəbər verməklə oxucumuzun etimadını qazanmaq, etibar və istinad edilən materiallar hazırlamaqdır.

Faydalılıq – Materialların hazırlanmasında istər topluma, istərsə də toplumun ayr-ayrı seqmentlərinə faydalı olmaq prinsipini əsas götürməkdir.

İnkişaf – təcrübə, təşəbbüskarlıq, müaisr texnologiya və yeniliklərin bir arada olması və uğura hədəflənməkdir.

Uzunmüddətli məqsədimiz mütərəqqi Azərbaycanın formalaşmasında fəal iştirak edən, dünya trendlərinə uyğunlaşa bilən uğurlu media biznesi qurmaqdır.

Qaynarinfo jurnalistləri öz işlərində bu Media Kodeksinə (bundan sonra sadəcə - Kodeks) riayət edərək şirkətin missiyasını və məqsədlərini həyata keçirməyə çalışmalıdır.

Bütün  işçilər Kodeksin hazırkı versiyasını diqqətlə oxumalı və ona riayət etməlidir (Qaynarinfo-nun yeni jurnalistlərinə və redaktorlarına bu Kodeksi oxuyub mənimsəmədən işləmələrinə icazə verilmir).

Baş redaktor və redaktorlar jurnalistlərin işlərinin Kodeksin hazırkı versiyasına uyğunluğunu yoxlayırlar.

Baş redaktor redaktorların və jurnalistlərin Kodeksə riayət etməsinə məsuldur.

Kodeksi  imzalayanlar onun müddəalarının hamısını açıq şəkildə qəbul edir və ona əməl etmə öhdəliyi götürür.

1. Müstəqillik

Qaynarinfo müstəqil media orqanıdır. Mövzu seçərkən əsas meyar oxucu marağıdır. Vəzifəmiz oxuculara Azərbaycanda və dünyada baş verən mühüm hadisələri izah etmək, ən uyğun formatda etibarlı, hərtərəfli və obyektiv məlumat verməkdir. İşimizdə şəxsi mənafeyimizi deyil, siyasətçilərin, iş adamlarının, şirkətlərin, ictimai təşkilatların maraqlarını deyil, Qaynarinfo-nun (Kodeksin) standart və qaydalarını rəhbər tuturuq.

1.1. Redaksiya müstəqilliyi

Qaynarinfo-nun idarəetmə orqanı (topmenecment) və satış şöbəsi redaksiya siyasətinə müdaxilə etmir.

Redaksiya siyasəti ilə bağlı qərarları Redaksiya Şurası verir. Mübahisəli hallarda Kodeksin qayda və prinsipləri əsas götürülür.

1.2. Redaksiya Şurası və fəaliyyəti

- Redaksiya Şurası - redaksiya siyasəti, redaksiya fəaliyyəti, planların hazırlanması ilə bağlı qərarlar verir, ən çətin və mübahisəli məsələlərdə qərar qəbul etmək işində Qaynarinfo-nun rəhbərliyinə köməklik göstərir;

- Redaksiya Şurasının tərkibi 5 nəfərdən ibarətdir. Bu tərkibə Qaynarinfo-nun fəaliyyətinə rəhbərlik edən şəxslər,  redaktorlar və kollektiv tərəfindən seçilən 1 nəfər jurnalist daxildir:  İdarəetmə orqanının rəhbəri, Baş redaktor, 1 redaktor, 1 şöbə müdiri (marketinq, reklam, hüquq və s.), 1 jurnalist;

- Redaksiya Şurasının üzvlərinin siyahısı saytın bir bölməsində yerləşdirilir;

- Redaksiya Şurasının üzvləri səs çoxluğu ilə koordinator və katib seçir;

- Koordinator ən azı ayda bir dəfə Redaksiya Şurasının iclasını təşkil edir və iclası aparır;

- Katib Redaksiya Şurasının iclaslarının yığcam protokollarını tərtib edir, yekun tövsiyyələri qeydə alır.

1.3. Qaynarinfo siyasi cəhətdən neytral mediadır

Siyasi partiyalardan, hərəkatlardan və ya konkret siyasətçilərdən heç birini dəstəkləmirik.

Kiminsə siyasi, etik, estetik, dini və ya iş maraqlarının təbliğatına və ya əsassız tənqidinə yol verilmir. Bir məqalənin və ya xəbərin bütün "aspektləri" jurnalistin şəxsi qiymətləndirməsi ilə əhatə olunmamalıdır (bloq, icmal-şərh istisna olmaqla).

1.4. Sahibkarlara hörmət edirik

Sahibkarlıq fikrinə yaxınıq və vicdanlı biznesi dəstəkləyirik. Bu, ayrı-ayrı şirkətlərə üstünlük verdiyimiz, bazarlar və iştirakçıları üçün vacib olan informasiyalar haqqında susduğumuz anlamına gəlmir.

1.5. Qaynarinfo maraqlar toqquşmasının qarşısını alır və minimuma endirir

Jurnalistlər və redaktorlar öz materiallarının bütün "qəhrəmanları"na eyni dərəcədə obyektiv və qərəzsiz yanaşmalıdır. Jurnalistin obyektivliyinə təsir edə biləcək hallar (tərəflərin hər hansı biri ilə jurnalistin yaxın qohumluq münasibəti, işıqlandırılan məsələdə jurnalistin şəxsi və ya predmet üzrə marağı və s.)  varsa, bu barədə redaktoruna və baş redaktora məlumat verməlidir.

Baş redaktor və ya redaktor maraqlar toqquşmasına səbəb ola biləcək amilləri qiymətləndirərərk, həmin mövzunun redaksiyada olan başqa bir jurnalist tərəfindən hazırlanması ilə bağlı qərar qəbul edə bilər.

Maraqlar toqquşmasından qaçmaq alınmırsa, mətndə mütləq jurnalist obyektivliyinə mane ola biləcək həmin vəziyyət göstərilməlidir.

Məsələn, bir bankın iflas etməsi ilə bağlı məqalədə: "Məqalənin müəllifi bankın əmanətçisidir, lakin o, əmanəti vaxtından əvvəl geri çəkməyə cəhd etməyib və bu barədə məlumat yaymayıb".

1.6. Pul və korporativ hədiyyələr

Biz hər hansı formada “hədiyyə” (pul, qiymətli hədiyyə, şəxsi maraqların təmin edilməsi və s.) qəbul etmirik. "Sifarişli" material işlədiyi ilə bağlı əsaslı şübhə doğuran jurnalist və ya redaktorun əmək müqaviləsinə (əmək qanunvericliyində nəzərdə tutulmuş qaydada) xitam veriləcək.

Jurnalist və redaktorlar heç vaxt məqalələrinin real və ya yaxın gələcəkdəki qəhrəmanları - siyasətçilər, iş adamları, məmurlar, hökumət orqanları, siyasi partiyalar, ictimai təşkilatlar, müəssisələr, banklar və s. şəxslərdən pul mükafatı almamalıdır.

Biz mənbəyə, məqalə və müsahibə qəhrəmanlarına da pul ödəmirik.

Jurnalist və redaktor vəzifəsinin qərəzsiz icrasına təsir edə bilən və ya vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. 

Jurnalist və redaktor vəzifəsinin qərəzsiz icrasına təsir etməmək şərtilə bayram və digər xüsusi günlərdə fiziki və ya hüquqi şəxslər, ictimai-siyasi şəxslərdən və s. ümumi məbləği 55 beş manatdan yuxarı olmayan və sadə qonaqpərvərlikdən yaranan hədiyyə qəbul edə bilər. 

Eyni şirkətdən il ərzində alınan korporativ hədiyyələr yalnız Azərbaycanda qəbul edilən, qeyd olunan xüsusi günlərlə (Məsələn, Yeni il, Novruz bayramı, Mətbuat Günü, Qurban bayramı və s.), habelə saytın ad günü, yubileyi kimi əlamətdar günlərlə bağlı ola bilər. 

Jurnalist və redaktor hədiyyə qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə rəhbərliyin rəyini öyrənməlidir.

Jurnalist və redaktora qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməli, maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə (məsələn, hər hansı səfərdə, tədbirdə qiymətli hədiyyə verilərsə), bu barədə birbaşa rəhbərliyə məlumat verməli və maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər akt üzrə redaksiyaya təhvil verilməlidir. Bu qaydaların pozulması redaksiyadaxili intizam tədbirləri ilə yanaşı Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan inzibati və cinayət məsuliyyətinə də səbəb olur. 

İşgüzar səfərlər və press-turlar hədiyyə deyil, işdir. Bu o deməkdir ki, jurnalist səfərdən oxuculara faydalı bir şey "gətirə" biləcəyini anlamalıdır. İşgüzar səfərlər və press-turlar, müvafiq məlumatları ehtiva edən press-turun nəticələrinə dair yazılmış materiallar redaksiyanın rəhbəri və ya baş redaktorla razılaşdırılır.

Jurnalist, redaktoru ilə əvvəlcədən razılaşdırmadan press-turun, işgüzar səfərin, konfransın, görüşün və s. nəticələrinə əsaslanan kontentin yayımlanması ilə bağlı qarşı tərəfə konkret tarix və vaxt vəd etməməklə yanaşı, materialın nəşr olunacağına da zəmanət verməməlidir.

1.7. Reklam və reklam şöbəsi ilə qarşılıqlı əlaqə

Etiketsiz reklam məzmunumuz yoxdur, oxucu redaksiyanın hazırladığı məzmunla reklamı ayırd edə bilməlidir.

Qaynarinfo "Reklam haqqında Azərbaycan Respublikasının Qanunu"nun normalarını rəhbər tutur.

Redaksiya materiallarında gizli reklam (müvafiq etiketləri olmayan materiallar) qadağandır.

Yayımlanması portalın məzmun strukturunu, layihələrini və bölmələrini poza bilən və ya nüfuz riskləri daşıyan reklam materialları baş redaktorla razılaşdırılır. Bu yanaşma Qaynarinfo-nun sosial media hesablarında yayımlanan reklam materiallarına da şamil olunur.

1.8. Oxucular qarşısında hesabatlılıq

Oxucularımızı diqqətdən kənarda qoymuruq, hərəkətlərimizi və qərarlarımızı onlara izah edirik.

Qaynarinfo-nun redaksiyası oxucuların mənalı suallarını və iddialarını rədd etmir. Bir oxucu və ya bir qrup oxucu məzmunun keyfiyyətindən narazılığını əsaslı şəkildə ifadə edirsə, redaktor və ya jurnalist (redaktora və ya Baş redaktora məlumat verib cavabı razılaşdıraraq) redaksiya mövqeyini (şikayəti aldığı eyni ünsiyyət kanalından istifadə edərək) izah etməlidir. Qaynarinfo-nun fəaliyyəti geniş ictimaiyyətin etirazına səbəb olubsa, o zaman redaksiya öz mövqeyini izah edən bir açıqlama hazırlamalıdır.

Bu Kodeksin məzmunu və ya pozuntuları haqqında iradlar [email protected] ünvanına göndərilə bilər.

1.9. Jurnalistlərin təhlükəsizliyi

Jurnalistlərin həyatı və təhlükəsizliyi Qaynarinfo-nun mütləq dəyəridir.

Jurnalistlər və redaktorlar işlərinin gedişatında həyatları və sağlamlıqları üçün mümkün olan riskləri istisna etmək və ya minimuma endirmək məcburiyyətindədir. Təzyiq və ya təhdid halında şirkət bütün hüquqi vasitələrlə işçilərini qoruyur.

- Redaktorlar həmişə jurnalistlərinin iş məqsədləri üçün harada və nə etdiklərini bilirlər (müxbirlər bütün iş görüşləri və müsahibələri haqqında birbaşa redaktoru və ya baş redaktoru ilə danışmalıdır)

- Jurnalistlər və redaktorlar peşə fəaliyyətlərinə görə aldıqları bütün təhdidləri baş redaktora, baş redaktor isə ciddi hallar barədə hüquq-mühafizə orqanlarına məlumat verməyə borcludur.

Biz fakt jurnalistikasına hörmətlə yanaşırıq və cəmiyyətdə obyektiv jurnalistikaya tələbat olduğuna inanırıq. Bu, etimad, dəqiqlik, operativlik və fikir balansı standartlarımızda əks olunur.

2.1. Etimad (Etibarlılıq)

Qaynarinfo-nun əsas redaksiya dəyəri və nüfuzunun təməli budur:

Operativlik önəmlidir, eksklüzivlik çox yaxşıdır, amma etibarlılıq ən vacibidir.

Operativliyə və eksklüzivliyə can atmaq etibarlılıq və dəqiqlik kimi standartların pozulmasına səbəb olmamalıdır. Etibarlılıq və dəqiqlik operativlikdən üstündür.

Jurnalistlərimiz yalnız təsdiqlənmiş faktları dərc edir.

Məlumat ilkin mənbədən və ya rəsmi mənbələrdən alınmadıqda / təsdiqlənə bilmədikdə, jurnalist öz materialında əsas mənbədən məlumat alan mediadan istinadla istifadə etməlidir. Məlumat mənbəyinə keçid vermək mütləqdir.

2.2. Dəqiqlik

Faktları, fikirləri mümkün qədər dəqiq şəkildə çatdırırıq. Bu, xüsusilə sitatlar, şəxsi adlar, soyadlar, başlıqlar və rəqəmlərə aiddir.

Şəxsi, ailə, kommersiya və uşaq hüquqlarının qorunması zərurəti yarandığı hallarda şərti adlardan istifadə edilə bilər.

Biz faktlarla təsdiqlənməyən "görünməmiş", "ən yaxşı", "ən pis", "ən çox", "bənzərsiz" və s. kimi müstəsna xarakteristikalardan qaçırıq.

Jurnalistlər mənanı təhrif etmədən və verildiyi kontekstdə sitatlar dərc edirlər. Müsahiblə əlaqə quran Qaynarinfo-nun əməkdaşları deyilsə, açıqlamanın mənbəyi olan xəbərə birbaşa keçid lazımdır.

2.3. Operativlik

Məlumat optimal formatda nəşr olunur (bölmə 5.3-ə baxın). Xəbərlər vacibdirsə, qısa bir versiya mümkün qədər tez verilir və sonra lazım gəldikdə yeni detalları olan genişləndirilmiş bir material təqdim olunur.

2.4. Balans

Biz hazırladığımız materiallarda bütün tərəflərə söz demək imkanı yaradırıq.

Bununla belə:

  • Azərbaycanın suverenliyini tanımayan siyasi qüvvələrin, fəalların və ictimai xadimlərin bəyanatlarını dərc etmirik;
  •  siyasətçi və ictimai xadimlərin Ümumdünya İnsan Haqları və Azadlıqları Bəyannaməsinə, Azərbaycan qanunlarına zidd olan fikirləinə yer vermirik,
  • elmi olmayan məlumatları dərc etmirik;

Biz bir materialda problemli, ziddiyyətli mövzulara fərqli baxışlar veririk. Tərəflərdən birinin mövqeyini dərhal dərc etmək mümkün deyilsə, şərhini daha sonra təqdim etmək lazımdır. Jurnalist mümkün olduğu təqdirdə, cavab üçün lazım olan vaxt verərək şərh istəyi ilə bütün tərəflərlə əlaqə saxlamağa borcludur. Sorğu faktı təsdiqlənməlidir (diktofon yazısı, e-poçt, mesajlaşma yazışmaların ekran görüntüsü və s.). Tərəflərdən biri şərh verməkdən imtina edərsə, oxuculara imtina faktı və varsa, səbəbləri barədə məlumat veririk.

2.5. Faktları şərhlərdən və qiymətləndirmə mühakimələrindən ayırmaq

Biz fakt jurnalistikasına hörmətlə yanaşırıq.

Qaynarinfo-nun bütün materiallarında faktlar şərhlərdən və subyektiv qiymətləndirmələrdən açıq şəkildə ayrılmalıdır. Qiymətləndirici bir fikir varsa, müəllifinin (ekspert, tərəf, iştirakçı) adını çəkmək, bu fikir kənar mənbədən götürülübsə, mütləq mənbəyə keçid vermək məcburidir.

Qaynarinfo jurnalistləri müəllif mövqeyini ifadə etməyən materiallarda - xəbərlər, məqalələr, müsahibələrdə faktlara və hadisələrə şəxsi qiymət vermirlər (Bloqlarda, müəllif araşdırmalarında əsaslandırılmış qiymətləndirməyə icazə verilir). Həmçinin, hadisə iştirakçılarının duyğularını çatdıran bir sitat olmadığı təqdirdə, jurnalistlər emosional söz ehtiyatından çəkinməlidir.

2.6. Təqsirləndirilən şəxslərə qarşı qərəzsizlik

Biz “Təqsirsizlik prezumpsiyası”na hörmətlə yanaşırıq.

Yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü bir şəxsi cinayətdə günahkar adlandırmağa əsas verir. Məhkəmə qərarlarına deyil, yalnız hüquq-mühafizə orqanlarının bəyanatlarına və ittihamlarına əsaslanan ittihamçı ifadələrin (cinayətkar, rüşvətxor, pozucu və s.) istifadəsi qadağandır (İstisnalar, bir şəxsin cinayətdə iştirakına dair açıq sübutların olduğu hallardır. Məsələn, ağır cinayətin video sübutu və s.).

Qaynarinfo-nun hüquq-mühafizə orqanlarının fəaliyyətini işıqlandıran jurnalistləri məhkəmə araşdırmasının və istintaqın mərhələlərini başa düşməli, qəhrəmanların vəziyyətini düzgün təsvir etməlidir: saxlanılan, şübhəli, təqsirləndirilən, saxlanılan və həbs edilmiş, məhkum edilmiş, cinayətkar və s.

2.7. Şəxsi həyata müdaxilənin yolverilməzliyi

Biz şəxsi həyata müdaxilə edilməməsi prinsipinə hörmətlə yanaşırıq.

Şəxsi həyatın bütün detalları yalnız şəxsin razılığı ilə dərc edilə bilər. Siyasətçilərin, dövlət məmurlarının və ictimai xadimlərin şəxsi həyatının ictimai maraq kəsb edən aspektləri istisnadır.

Plagiat və məlumat oğurluğunu qəbuledilməz hesab edirik. Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında Azərbaycanın mövcud qanunvericiliyinə əməl edirik, digər mediaların hüquqlarına hörmətlə yanaşırıq və öz hüquqlarımızı müdafiə edirik:

- Qaynarinfo zorakılığı təbliğ edən, etnik nifrəti qızışdıran, konstitusiya quruluşunun zorakı şəkildə devirilməsinə çağırışlar edən, hər hansı bir irqi, dini, siyasi və ya digər ayrı-seçkiliyi təbliğ edən, ictimai asayişin pozulmasına yol verə biləcək məlumatları yaymır.

- Qaynarinfo əxlaqi dəyərlərə zidd olan (açıq-saçıq, insest və s.) xəbərləri dərc etmir.

- Qaynarinfo intihar və adi kriminal xəbərlərin dərcinə həssas yanaşır, bu aspektdə hər hansı xəbərin dərc edilməsi zamanı ictimai maraq kəsb edən hallar nəzərə alınır və baş redaktorla razılaşdırılır.

- Yayınlanmış materiallarla bağlı məhkəmə iddiaları olduqda Şirkət  jurnalistlərə və redaktorlara hüquqi dəstək verir. Bununla belə, Qaynarinfo-nun əməkdaşları yadda saxlamalıdır ki, qanuna əsasən, dərc etdikləri məlumatlara görə müəllif olaraq şəxsən də məsuliyyət daşıyırlar.

3.1. Mənbələr

Mənbəsiz heç bir informasiya olmur.

- Yeni və ya vacib faktları səsləndirərkən həmişə mənbəyimizə və ya orijinal məlumat mənbəyinə istinad edirik. Hamıya məlum faktlar və ya statistikalar istisnadır (məs, Azərbaycan Prezidenti - İlham Əliyev, Azərbaycanın ÜDM-i - XXXXXX milyard dollardır).

- Qaynarinfo-da "anonim bazar iştirakçıları", "mütəxəssislər" və başqa "havadan" alınan məlumatlar olmamalıdır. Məsələn, belə yazmaq olmaz: “Qaynarinfo-nun jurnalistlərinə kimsə dedi ki, onlar bunu hardasa oxuyublar…” Mütəxəssislərin və bazar iştirakçılarının adları olmalıdır.

- Qaynarinfo-nun xəbərində belə yazmaq olmaz: “əldə etdiyimiz məlumata görə…”, “bazar iştirakçılarının qənaətinə görə…” və ya “bildiyiniz kimi, Əli Əliyev korrupsioner məmurdur”.

- Belə yazmağa icazə verilir: “Qaynarinfo-nun bir qədər əvvəl xəbər verdiyi kimi...” (bu məzmunda xəbərə link verilməklə).

- Qaynarinfo jurnalistləri digər medialardan götürülən məzmundan istifadə edərkən bu mənbələrin nüfuzu və etibarlılığı nəzərə almalıdır. Etibar qrupları üzrə media orqanlarının siyahısı (3 qrup) redaktorlar tərəfindən jurnalistlərə təqdim olunur. Qaynarinfo yalnız əməkdaşlıq müqaviləsi imzaladığı agentlik və saytlardan məlumat götürür və istinad edir;

- Qaynarinfo-nun müqaviləsi olmayan yerli media subyektlərindən (2-ci və 3-cü qruplar) məlumat götürmək zərurəti yaranırsa, əməkdaş bunu redaktor və ya baş redaktorla dəqiqləşdirməlidir. Həmin materialın yalnız 1/3 hissəsindən istifadəyə icazə verilir və əlavə dəqiqləşdirmə aparılır;

- Xarici media subyektlərinin materiallarından tam və ya qismən istifadə hallarında da mütləq mənbəyə istinad edilməlidir.

3.2. Mütəxəssislər və şərhçilər

- Ekspertlik - heç vaxt bir peşə deyil, bir insanın şərh etdiyi mövzuda onu mütəxəssis edən bir işi, yaxud keçmiş təcrübəsi olmalıdır və bu məqam oxucuya izah edilməlidir.

- Ekspert şərh olunan suala müvafiq olmalıdır. Bankir qlobal istiləşmə ilə bağlı fikir bildirməməlidir.

- Çox geniş mövzuları şərh etməyə hazır olan universal mütəxəssislərdən uzaq qaçırıq.

- Adsız ekspertlər olmur. Sitat gətirilən konkret biri yoxdursa, sadəcə, "mütəxəssisin və ya mütəxəssislərin fikrincə", "ekspertlər belə hesab edir ki" yazmaq olmaz. Belə yazmaq daha yaxşıdır: "Qaynarinfo-nun sorğusunda iştirak edən 20 tələbədən 16-sı hesab edir ki, jurnalistika fakultəsində tədris müasir tələblərə cavab vermir". Belə halda, məqalənin sonunda respondentlərin siyahısı və ya dəqiq izahı təqdim olunmalıdır. Məsələn, “Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin IV kurs tələbələri arasında keçirilən sorğu” yazmaq olar.

-  Şərhçi ilə bağlı maraqlar toqquşması nəzərə alınmalı və mümkünsə qarşısını almaq lazımdır. Şərh edənlərin "əsas” davranışlarını xatırlayın (müxalifət üçün hökumət həmişə pisdir, iş adamlarına görə vergilər həmişə yüksəkdir, jurnalistlərə görə isə hər zaman söz azadlığı yetərincə deyil və s.).

3.3. Anonim mənbələrlə işləmək

Ən yaxşı mənbə - anonim olmayan mənbədir.

- Anonim mənbələrdən bu hallarda istifadəyə icazə verilir: məlumat bazar və ya cəmiyyət üçün vacibdir, amma mənbə səlahiyyətli şəxsdir, əvvəllər etibarlılığını sübut edib və anonimliyini qorumaqda israrlıdır.

- Anonim mənbədən alınan məlumatlara əsaslanan xəbərləri dərc etmək üçün mövzuyla əlaqəsi olan daha iki mənbədən təsdiq tələb olunur (Bəzən bir təsdiqə icazə verilir. Bu halda Baş redaktorun icazəsi tələb olunur).

- Həmsöhbətin adını çəkmədən, mənbənin ətraflı təsvirini verməyə çalışırıq ki, bu da anonim şəxsin verilən məlumatları necə öyrənə biləcəyini oxucuya izah edə bilsin. Eyni zamanda, onun kimliyini açıqlamırıq. Məsələn, filan şirkətdəki bir mənbə; Azərbaycan Mərkəzi filan Bankın İdarə heyətinin üzvlərindən biri, böyük bir maliyyə şirkətinin sahibi və s.

- Biz mənbənin sözündən sui-istifadə etmirik. Mənbə məlumatı bilərəkdən jurnalistlərə "sızdıran" adamdır və bu məqamı unutmuruq.

- Xəbərdə anonim mənbənin dilindən xüsusən də kiminsə ünvanına mənfi məlumatlar səslənirsə, hüquqi və yaxud alternativ bir fikir bildirmək vacibdir. Xəbərin mətnində bunu etmək mümkün deyilsə, əlaqəli xəbərlər, məqalələr, müsahibələr, sənədlər, hüquqi və alternativ fikirləri, versiyaları, faktları özündə əks etdirən hiperlinklərdən nümunə hazırlayaraq boşluğu doldurmalısınız.

- Anonim mənbəyə istinad edərkən, jurnalist məlumatın dəqiqliyinə görə şəxsi məsuliyyət daşıyır. Jurnalist bu məlumatların düzgünlüyünə yüksək dərəcədə əmin olmalıdır.

- Jurnalist xatırlamalıdır ki, məhkəmə müvafiq qərar çıxararsa, məlumat mənbələrini açıqlamağa məcbur olacaq və onlar şahid qismində məhkəməyə verilə bilər:

08 fevral, 2022-ci il tarixindən qüvvəyə minən "Media haqqında Azərbaycan Respublikasının Qanunu"nun 15.3-cü maddəsinə əsasən məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır:

  •  insan həyatının müdafiəsi üçün;
  •  ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün;
  •  ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün.

Bu hallardan başqa mənbənin açıqlanması tələb edilə bilməz.

- Jurnalist yazısını nəşr etməzdən əvvəl redaktor və yaxud baş redaktor tələb edərsə, mənbənin adını ona açıqlamalıdır. Öz növbəsində redaktorlar mənbənin adını heç bir halda başqasına açıqlamamağı öhdəsinə götürür.

- Anonim mənbədən məlumat dərc etməklə Baş redaktor materialın etibarlılığı və düzgünlüyünə görə məsuliyyəti jurnalistlə bölüşür.

- Qaynarinfo redaksiyasının əməkdaşlarına anonim və anonim olmayan mənbələrdən elektron poçt, telefon vasitəsi ilə müsahibə, foto və video çəkiliş, konfrans öncəsi və digər tədbirlər zamanı daxil olan bütün məlumatlar qeydə alınmalı və ən azı üç il saxlanılmalıdır.

3.4. Sosial şəbəkələrdən məlumatlar

Sosial şəbəkələr təsdiqlənmiş informasiya mənbəyi deyil.

Qaynarinfo-nun jurnalistləri hesabın həqiqiliyini, verilən məlumatların düzgünlüyünü, foto və videoların həqiqiliyini yoxlamalıdır. Bunu etmək üçün biz aydınlaşdırmaq, əlavə etmək və yaxud digər mənbələrin köməyi ilə məlumatı yoxlamaq kimi addımlara əl atır, habelə mesajın müəllifi ilə əlaqə saxlamağa çalışırıq. Doğrulama mümkün deyilsə, bloqlardan və sosial şəbəkələrdən olan məlumatlar birbaşa redaktor və ya Baş redaktorla məsləhətləşərək dərc edilə bilər. Montaj əlamətləri açıq görünən foto və video materialların, reklam və təbliğat məzmunlu xəbərlərin nəşri qadağandır.

- Şəbəkə istifadəçilərinin paylaşdığı videodan istifadə edərkən, o da yuxarıda qeyd edilən üsullarla təsdiqlənməlidir. Bu cür məzmun istifadəçi tərəfindən yaradılan məzmun olaraq etiketlənməlidir.

3.5. Müsahibə və şərhlərin razılaşdırılması

Razılaşdırma bir şərh və ya müsahibəni yenidən yazmaqdan ibarət deyil.

- Şərh və ya müsahibə üçün müraciət edərkən, Qaynarinfo-nun jurnalisti şərhçinin hansı məqsədlə lazım olduğunu və materialın harada yayımlanacağını xəbərdar etməlidir.

- Qaynarinfo jurnalistləri qanunun tələblərinə riayət edir, müsahibin xahişi ilə mətndə gedən sitatlar barədə razılığa gəlir.

- Eyni zamanda, biz birbaşa nitqin yenidən yazılmasına, mahiyyətin dəyişdirilməsinə, sualların silinib-əlavə olunmasına icazə vermirik. Əgər kompromisə gəlmək mümkün deyilsə, birbaşa nitqdən dırnaq işarələrini çıxarmaq və əldə edilən məlumatları oxuculara çatdırmaq hüququnu özümüzdə saxlayırıq.

- Qaynarinfo-nun jurnalistləri və redaktorları heç vaxt müsahibin özünə aid sitatlar istisna olmaqla məqalənin tamını müsahib və ya mətbuat xidmətlərinə göstərmir. Müsahibələr bu redaktə elementləri olmadan razılaşdırılır: başlıq, altbaşlıq, haşiyələr, bölmələr, arayışlar və s.

3.6. Press-relizlərlə işləmək

- Biz press-relizləri hazır xəbər kimi yerləşdirmirik. Əgər press-reliz məlumatlarına əsaslanaraq redaksiya məzmununu yazırıqsa, o zaman mütləq faktları yoxlayır, mətni redaktə edir, reklam xarakterli məlumatları silir, alternativ fikirlər əlavə edir və rəqabət aparan markalar, məhsullar və s. haqqında məlumatlar əlavə edirik. Redaksiya materiallarında şirkətlərin, markaların, məhsul və xidmətlərin adlarının qeyd edilməsi oxucu marağını rəhbər tutaraq təmtəraqsız və əsaslandırılmış olmalıdır.

- Bu Kodeksə uyğun olaraq redaktə dəyişiklikləri etmədən partiya və korporativ mətbuat açıqlamalarını (press-relizləri) yerləşdirmək yalnız materialın reklam xarakterini nəzərə alaraq mümkündür.

3.7. Səhvlərin düzəldilməsi, təkzib

Biz maksimum səhv buraxmamağa çalışırıq, amma baş verəndə tez düzəldirik.

- Qaynarinfo səhv etməmək üçün əlindən gələni edir. Hər halda yenə səhv baş verərsə, jurnalistlər yazdıqları faktiki xarakterli səhvləri və ya qeyri-dəqiqlikləri ən qısa zamanda düzəltməlidirlər.

- Redaksiya heyətindən səhv barədə məlumat alan istənilən kəs onu ən qısa zamanda materialın müəllifinə çatdırmaq məcburiyyətindədir. Müəllif də öz növbəsində, birbaşa rəhbərə və ya baş redaktora məlumat verir ki, məlumatı yenidən yoxlayıb xətanı düzəltsinlər (əgər varsa).

- Xəbər və ya məqalə DÜZƏLDİLDİ və ya DƏQİQLƏŞDİRİLDİ redaktə göstəricisi ilə yenilənir.

- Materialın yenidən işlənmiş parçası DÜZƏLDİLDİ, DƏQİQLƏŞDİRİLDİ və ya YENİLƏNDİ olaraq qeyd olunmalı, mötərizədə tam olaraq nəyin düzəldildiyi göstərilməli və ehtiyac varsa, üzr istənilməlidir.

- Səhv nüfuza və ya kommersiya zərərinə səbəb olarsa, redaktorlar "zərərçəkmiş" tərəfə cavab hüququ verirlər.

- Bir jurnalistin birbaşa rəhbərinə və baş redaktoruna xəbərdarlıq etmədən səhvləri düzəltmək haqqı yoxdur. İstisnalar qrammatik və texniki səhvlərdir.

- Qaynarinfo redaksiya kontentini silmir. İstisna məhkəmə qərarı və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun”la tənzimlənən hallardır. Şübhə və ya sual yarandığı təqdirdə məlumatlar Kodeksdə göstərilən tələblərə cavab verirsə, jurnalist problemi redaktoru və ya baş redaktoru ilə müzakirə etməyə borcludur. Material üzərində işləmək və ya yayımlanmaq qərarı baş redaktor və ya onu əvəz edən şəxs tərəfindən verilir.

3.8. Qaynarinfo-nun müəllif hüquqları

- Qaynarinfo digər media subyektləri ilə qarşılıqlı və ya birtərəfli əməkdaşlığını yalnız müqavilə əsasında tənzimləyir;

- Qaynarinfo ilə hər hansı yazılı müqaviləsi olmayan digər media subyekti yalnız açıq materiallarımızın 1/3 hissəsindən və istinadla istifadə edə bilər;

- Qaynarinfo ilə rəsmi müqavilə bağlayan media subyektləri yalnız hər kəsə açıq materiallardan tam istifadə edə bilər;

- Qeydiyyatlı istifadəçilər üçün nəzərdə tutulan ödənişsiz və ödənişli materialların istifadəsi üçün də ayrıca müqavilə tələb olunur, yaxud ümumi müqavilədə istifadə şərtləri ayrıca tənzimlənir;

- Qaynarinfo-nun müəllif hüquqlarının pozulması ilə rastlaşan hər bir əməkdaş bu barədə dərhal redaktorlara məlumat verməlidir;

- Müəllif hüquqlarının pozulması halları ilə bağlı Qaynarinfo-nun məhkəməyə müraciət etmək hüququ var.

Qaynarinfo-nun hər bir əməkdaşı şirkətin rəsmi nümayəndəsidir. Hətta işdən sonra etdiyiniz hər bir xoşagəlməz hərəkət şirkətin imicinə təsir edə bilər. Redaksiyanın hər üzvü 15 il ərzində formalaşmış nüfuza xələl gətirəcək addımlardan çəkinməlidir.

4.1. Jurnalist olaraq qalın. Jurnalist ictimai- siyasi fəal deyil.

Qaynarinfo-nun jurnalistləri və redaktorları:

- Qaynarinfo saytından, habelə onun sosial media hesablarından öz fikirlərini yaymaq üçün istifadə etmir (müəllif yazıları, bloqlar istisna olmaqla);

- İşlədikləri müddətdə heç bir siyasi, ictimai, ticari və ya reklam kampaniyasına (jurnalist həmrəyliyi kampaniyaları istisna olmaqla) qatılmır;

- Plagiata, faktların qəsdən təhrif edilməsinə, böhtan atılmasına, əsassız ittihamlara yol vermir;

- İctimai əhəmiyyətli məlumatları gizlətmir.

4.2. İnsan olaraq qalmaq. Uğur yolu

- Qaynarinfo jurnalistləri və redaktorları bir-birinə hörmət və dəstək göstərir.

- Qaynarinfo-da mükafatlandırma (maaş, bonus, qonorar) və karyera yüksəlişi nəticə/uğur modelindən asılıdır. Bunu da hərəkətə gətirən faktorlar özünü təkmilləşdirmək, zəhmət, peşəyə sevgi və ədalətli idarəetmədir.

- Həm redaksiyada, həm də ümumi idarəetmədə istənilən zorakılıq və hər hansı bir əsasla ayrı-seçkilik qəbul edilə bilməz.

4.3. Sosial media və jurnalistika

- Unutmayın - siz Qaynarinfo-nu təmsil edirsiniz, hətta şəxsi sosial şəbəkələrinizdə yazdıqlarınız və yaydıqlarınız bir çox hallarda Qaynarinfo-nun işinə və imicinə təsir göstərir.

- Jurnalistlər və redaktorlar nəşrə hazırlanan mövzularla bağlı sosial şəbəkələrdə arqumentsiz qiymətləndirici mühakimələrdən çəkinməlidir. Qaynarinfo-nun jurnalistləri material yayımlanana qədər materialın gələcək qəhrəmanlarını müzakirə etmir.

Həmçinin, redaksiyanın əməkdaşı kollektivdəki digər həmkarının X şəxslə müsahibə üçün razılaşdığını bilirsə, həmin şəxs öncədən açıqlama verməkdən, yazmaqdan çəkinməlidir.

- Qaynarinfo-nun bütün əməkdaşları diskussiya aparmaq üçün sivil qaydalara riayət etməlidir. Həm Qaynarinfo-nun, həm də jurnalistin qərəzsizliyi və obyektivliyini şübhə altına ala biləcək hər hansı  hərəkət və qiymətləndirmədən çəkinməlidir.

- Zorakılığı, etnik nifrəti, hər cür irqi, dini, siyasi və ya digər ayrı-seçkiliyi təbliğ etmək qadağandır.

4.4. Mediaaktivlik

- Jurnalist yalnız birbaşa rəhbəri və ya baş redaktoru ilə razılaşdıqdan sonra digər mediaya şərh verə bilər; Eyni şey hər hansı bir tok-şouda və televiziya proqramında, konfransda, dəyirmi masada və s. iştiraka da aiddir.

- Baş redaktor və ya redaktorların razılığı olmadan başqa mediada materiallarını (xəbərlər, bloqlar, məqalələr və s.) dərc etməməlidir.

- Hazırladığı yazının, bu Kodeksin tələblərinə uyğun olaraq toplanmış məlumatların təhlükəsizliyini təmin etməli, başqa mediaya sızmasının qarşısını almalıdır.

5.1. Kimin üçün yazırıq?

Qaynarinfo-nun bütün redaksiya materialları bu Kodeksin missiyasına və tələblərinə uyğun olmalıdır. Yəni, etibarlı məlumat vermək və fəal azərbaycanlıya vacib hadisələri izah etmək. Oxucularımıza şüurlu qərarlar verməyə kömək edirik.

Fəal azərbaycanlılar dedikdə, həyata laqeyd münasibət göstərməyən orta təbəqənin (və ya tezliklə orada özünü tapa biləcək qrupların) nümayəndələri nəzərdə tutulur.

Önəmli olan böyük qruplar:

 - mütəxəssislər (İT mütəxəssisləri, maliyyəçilər, yaradıcı iqtisadiyyat işçiləri, elm nümayəndələri və s.);

- menecment, muzdlu işçilər;

- sahibkarlar, startapçılar;

- dövlət qulluqçuları və siyasətçilər;

- tələbələr, digər aktiv gənclik qrupları.

Bu o deməkdir ki, bu qrupların həyatına, peşəsinə və ya gündəlik qərarlarına təsir edə biləcək vacib  məlumatlara üstünlük verilir.

5.2. Necə yazırıq?

Hər bir materialda məlumatların tamlığı, təqdimatın sadəliyi və aydınlığı üçün çalışırıq. Oxucu yazılanları asanlıqla başa düşməli və əsas suallara cavab almalıdır: kim, nə, nə vaxt, niyə, necə… … günahkar kimdir, səbəblər nədir, aradan qaldırmaq üçün nə etmək lazımdır... Daha çox baş verən - süjet əhatə olunmalıdır.

Üslub: Girişdə parazit-sözlərdən minimum istifadə edilməlidir (Məsələn: baxmayaraq ki, hansı ki, əlavə olaraq, eyni zamanda və s...).

Cümlələr uzun olmamalıdır. Nöqtə jurnalistin dostudur. Mənbə və ya rəsmi sənəddən asılı olmayaraq, mürəkkəb cümlələrdən, çətin sitatlardan, bürokratik kargüzarlıq lüğətindən sui-istifadə edilməməlidir.

5.3. Formatlarımız

Məlumat optimal formatda verilməlidir. Qaynarinfo hazırda 10 formatdan istifadə edir:

- Xəbər

- Təhlil

- Araşdırma

- Müsahibə

- Reportaj

- Rəy

- Oçerk

- Müəllif yazısı-bloq

- Bədii mətn;

- Video layihələr.

5.4. Başlıqlar

- Əsas qayda - başlıqlarımız oxucunu heç vaxt aldatmamalıdır. Məqalənin və ya xəbərin mahiyyəti başlığa uyğun olmalıdır. Məsələn, “Baş nazir qəzaya uğradı” başlıqlı xəbəri açan oxucu söhbətin İndoneziyadan getdiyini görməməlidir.

- Başlıqlarda “müştəri cağıran” söz və ifadələrdən istifadə edilməməlidir. Məsələn,  "Şok", "sensasiya", "Heç vaxt tapa bilməzsən ..." və s.

- Başlıqda çətin anlaşılan abreviaturalar olmamalıdır. Çox istifadə olunan, asan başa düşülən abreviaturalar isə birdən çox olmamalıdır.

- Başlıqda az tanınan şəxslərin ad-soyadlarından istifadəyə ehtiyac yoxdur, "qəhrəman"ı xarakterizə edən ümumi sözdən istifadə etmək məsləhətdir.

- Başlıqlarda (və mətnlərdə) hər hansı ayrı-seçkiliyə yol verilmir: "Qadın üçün - heyrətamiz nəticə", "Çinli kimi itaətkar", "iş üçün yaşı keçmiş" və s.

Başlıqlar necə olmalıdır:

- Başlıqlarda tanınmış bir siyasətçinin, iş adamı və ya məşhurun adından qısa, aydın sitatdan istifadə etmək olar.

- Başlıqlarda ümumiləşdirmələrə və mülayim mübaliğələrə icazə verilir.

Nümunə: Səhiyyə Nazirliyi hesab edir ki, yaz aylarında hər beş azərbaycanlıdan biri qripə yoluxa bilər.

Ola bilər: "Səhiyyə Nazirliyindən qriplə bağlı pessimist proqnoz”

- İki hissəli və ya izahlı başlıqlar (iki hissə və ya cümlədən ibarət olur):

“Azərbaycanın tanınmış oteli satıldı - Kim və neçəyə alıb?”

“Hökümətdən təcili toplantı: Böhranın qarşısı necə alınacaq?”

- Paradoksal başlıqlar:

“Vahid Ələkbərov keçən il 20 milyon manat qazandı. Amma dərhal hamısını xərclədi”

- Başlığın davamında aşağıdakı tamamlayıcı əlavələrdən istifadəyə icazə verilir: (FOTO), (VİDEO), (MÜSAHİBƏ) və s.

- Nüfuzlu bir medianın eksklüziv xəbərlərini götürsək, başlığa medianın adını yazmağınız məsləhətdir. Məsələn: “Apple Microsoftu rekord məbləğə almağa hazırlaşır” - Bloomberg

5.5. İstifadəçi kontenti

Redaksiya heyəti tərəfindən yazılmayan və ya redaksiya heyəti tərəfindən sifariş verilməyən, kənar müəlliflər tərəfindən təqdim olunan materiallar, bu Kodeksin tələblərinə uyğundursa, "Bloqlar" bölməsində dərc olunur. Hətta kənar mütəxəssislərin analitik materialları çox nadir hallarda məqalə formatında nəşr olunur (redaktor və ya baş redaktorla razılaşdırılmalıdır).

Bloqlar bölməsi

Bloqlar əsasən nüfuzlu peşəkarlar, mütəxəssislər və tanınmış müəlliflərdən ibarət bir düşüncə mərkəzidir. Məqsədi əhəmiyyətli, aktual və faydalı mövzularda yazan müəllif-ekspertləri birləşdirən etibarlı platforma olmaqdır.

Bloq açmaq və ya hansısa müəllifin bloqunu bağlamaq qərarı Baş redaktor və ya onu əvəz edən redaktor  tərəfindən qəbul edilir. Bu qərar əsaslandırılmış olmalıdır.

Redaktorların bloq yazılarını redaktə etmək hüququ var. Amma bunu yazının mahiyyətinə və ana fikrinə toxunmadan etməlidir. Materialın ana fikrinə ziyan vura biləcək redaktələr müəlliflə razılaşdırılmalıdır. Ortaq bir razılaşma əldə edilmirsə, redaktor bu materialın dərcindən imtina edə bilər.

Redaktorların işi həm də yeni bloqçuları müəyyənləşdirmək, Baş redaktorla razılaşdırmaqla əməkdaşlığa cəlb etmək, materialların bu Kodeksin tələblərinə uyğunluğunu  yoxlamaq və platformaya yerləşdirilməsini təmin etməkdir.

Bloq materialları aşağıdakı tələblərə uyğun olmalıdır:

- Mövzunun ictimai yükü, biznes, siyasi və ya ictimai həyata faydalılığı;

- şəxsi müşahidələr və əsaslandırılmış nəticələr;

- aydın, asan təqdimat tərzi;

- faktların, rəqəmlərin və sitatların mənbəyinin göstərilməsi.

5.6. Foto və video ilə işləmək

Saytdakı bütün xəbər materiallar təsvirlə (ən azı bir əsas FOTO) verilməlidir. Foto və ya videomətn məzmunla birbaşa, açıq bağlılığa malik olmalıdır.

Redaktorlar və jurnalistlər yerləşdirilən fotoşəkillərin keyfiyyət və müxtəlifliyini diqqətdə saxlamalıdır.

5.7. Etiketlər

Etiketlər- açar sözlər, teqlər. Saytdakı hər bölməyə və hər bir materiala mütləq etiketlər əlavə olunmalıdır.

Etiketlərlə işləmək üçün əsas tələblər aşağıdakılardır:

- hər bir məzmun elementində (xəbərlər, sənədlər, foto qalereya, video və s.) etiket dəsti olmalıdır

- Etiketlər həmişə eyni və birmənalı olmalıdır. Nümunələr: DB, DB, Dünya Bankı, Dünya Bankı olmamalıdır - bütün hallar üçün yalnız bir Dünya Bankı etiketi; "rüşvət" etiketi həmişə "rüşvət" olmalı, "rüşvətlər" olmamalıdır; müvafiq ad etiketləri (qısaltmalar daxil olmaqla) yalnız bir versiyada olmalıdır;

- etiketlər məzmunun bütün məlumat yükünü əks etdirməlidir:

Nümunə: "Gündə 9500 koronavirus hadisəsi olanda ciddi karantin tətbiq edəcəyik” – Operativ Qərargah

Düzgün etiket dəsti: koronavirus, karantin, COVID-19, pandemiya

- "cəmiyyət", "xəbərlər", "hadisə" kimi çox geniş anlayışlar etiket ola bilməz;

- etiket ümumiyyətlə tək isimdir;

- məşhur şəxs etiketi - ad və soyad: İlham Əliyev, Əli Əsədov, Qurban Qurbanov;

- Bəzi hallarda məşhur şəxs etiketi kimi ümumi qəbul olunan, qısa etiket istifadə oluna bilər: Ərdoğan, Putin, Zelenski

- Qaynarinfo-nun redaksiya fəaliyyətini tənzimləyən bu Kodeks 1 aprel, 2022-cil tarixindən qüvvədədir və ondan əvvəlki tarixə şamil edilmir.

- Qüvvədə olan Kodeksə hər hansı dəyişiklik redaksiya Şurasında səs çoxluğu ilə təsdiqlənməli, daha sonra bütün əməkdaşlar məlumatlandırılmalıdır.