Amal Abuşov
İdman 14:59 05.08.2022

Yazuz!

Bu tələbi idman mediasının qarşısında "Neftçi”nin Müşahidə Şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev qoymuşdu. "Bundan da yazuz” demişdi. Ona elə gəlirdi ki, idman mətbuatı "Neftçi”nin uğurlarını görmür, yalnız "baltalamaqla” məşğuldu. Tez-tez mətbuatın qarşısına çıxmağı, özünü reklam etməyi xoşlayan Abdullayev də "yazuz” tapşırığını media nümayəndələrinə vermiş və özündən razı şəkildə gülümsəmişdi.

Əslində isə həmin vaxt "Neftçi”dən yazmağa yaxşı heç nə yox idi. Hər şey Sadıq Sadıqovun "taxtdan” salınması, klubun Müşahidə Şurasının yaradılması ilə başlamışdı. Uğurlu prezidenti "Neftçi”dən uzaqlaşdırmaq üçün hətta onun və Tahir Süleymanovun tutduğu postu da ləğv etdilər. Ortaya həm gülməli, həm də ağlamalı vəziyyət çıxdı. Təsəvvür etmək belə çətindi. Bir klub düşünün ki, onun prezidenti yoxdu. Hər hansı operativ qərarı qəbul etməkdən ötrü Müşahidə Şurası toplanmalı, müzakirə aparmalıydı. O vaxta kimi də iş-işdən keçəcəkdi. Müşahidə Şurasına bir gün Əsgər Abdullayev gəlir, o biri gün Fərhad Bədəlbəyli. Şən və hazırcavab bakılı oğlan Bəhram Bağırzadə də bu şuranın əsas simalarından biri idi. 

Sözsüz ki, bu cür idarəetmə forması heç bir effekt verə bilməzdi və "Neftçi”ni uçuruma aparacaqdı. Elə apardı da. Ağır məğlubiyyətlər, turnir cədvəlinin "zirzəmisində” "bron” edilmiş yer "Neftçi”nin qismətinə çevrilmişdi. Hər ayın əvvəli və sonu komandaya yeni legionerlər gəlib-gedirdi, naşı idarəçilərin gətirdiyi məşqçilər ölkənin ən qocaman klubunun başına oyun açırdılar. İş o yerə gəlib çatmışdı ki, komandaya baş məşqçilik edən Elxan Abdullayev sadiq fanatları xuliqan adlandırır, onlar təhqir etməkdən çəkinmirdi. Bu müddət ərzində "Neftçi”də bəxtini sınayan təkcə Elxan Məmmədov olmadı. Vəli Qasımovla Əsgər Abdullayev də "ağ-qaralar”ı qara günlərdən ağ günə çıxarmağa çalışdı. Olmadı ki, olmadı!

Yaman günün ömrü bir qədər uzansa da, keçmişdə qalana oxşayır. Kamran Quliyevin prezident kürsüsündə yerini möhkəmləndirməsiylə Müşahidə Şurası arxa plana keçməyə başladı. Çevik idarəetmə mexanizmini özünə qaytaran "Neftçi” əyilmiş qəddini də düzəltdi, hətta "Qarabağ”ı bir mövsümlük taxtdan salıb, çempion olmağı da bacardı. Amma ötən yay transferlər komandanı gücləndirmədi. Nəticəsi də avrokuboklardakı fiasko və Premyer-Liqaya erkən atılan "ağ dəsmal” oldu. Deyəsən, Quliyev də işin ciddiyyətini anladı və sırf transferlərlə məşğul olmaq üçün "Neftçi”yə Zaur Əzizov dəvət edildi. Prosesləri qabaqlamaq istəmirəm. Lakin gələcəyə ümidlə baxmaq üçün əsaslar tapmaq olar. "Aris”lə cavab görüşü, "Rapid”lə dünənki oyunun gedişatı və nəticəsi bu əsasları bizə verir.

Sükanı belə saxlamaq lazımdı. Azarkeşlərin həsrətində olduğu, "yaşıl meydan”larda görmək istədiyi "ağ-qara” komanda məhz bu idi. Düzdü, əvəzetmələrdən sonra "Neftçi” oyunun ritmini qoruya bilmədi və hesabdakı ikitoplu üstünlük minimal fərqə qədər endi. Amma bu da dünyanın sonu deyil. "Bakcell Arena”da gördüklərimizə əsasən Vyanadakı cavab görüşündə "Neftçi”nin layiqli mübarizə aparacağını düşünmək mümkündü. Qola, hücuma ehtiyacı olan "Rapid” olacaq. "Neftçi” isə səbr etməli, öz fürsətini gözləməlidi. Əminəm ki, mərhələ adlamaq şansımız 50 faizdən də çoxdu.

"Neftçi” gələn həftə mərhələni adlasın, Çingiz Abdullayev yenidən ortaya çıxsın və jurnalistlərə desin ki, "YAZUZ”!

Amal Abuşov