Dünya 16:26 26.01.2023

Zelenski çətin durumda: Hakim komandanı kim və niyə parçalayır?

"Ukrayna iqtidarı daxilində baş verən bu ssenari Qərbdə hazırlanıb. Zelenskinin əli ilə bu siyasəti həyata keçirirlər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev müharibə aparan Ukraynada son günlər həyata keçirilən kadr rotasiyası, korrupsiya faktlarının üzə çıxarılmasının hansı risqlər yaratdığı, belə bir aksiyanın Qərbin tələbi olub-olmadığına aydınlıq gətirərkən deyib.

"Zelenski təcrübəsiz siyasətçidir. Ölkəni o idarə etmir. Onun yanında ABŞ-dan olan məsləhətçilər var. İndi müharibədə Rusiyaya uduzacaqları məsələsi gündəmə gəlir. Bu isə Qərbin layihələrinə ziddir. Kiyevdə açıq düşünənlər görür ki, müharibə Ukraynadan çox Qərbə lazımdır. Vəziyətin bu yerə gəlib çatmasında konkret olaraq Zelenski günahkardır”, deyə politoloq bildirib.
 


Ekspertə görə, baş verən istefa dalğası Ukraynanın məğlubiyyəti demək olacaq:

"Ukrayna iqtidarı daxilində baş verən bu ssenari Qərbdə hazırlanıb. Zelenskinin əlilə bu siyasəti həyata keçirirlər. Bu müstəvidə bir çoxları da indiki hakimiyyətin tarixə qara hərflərlə düşəcəyini zənn etdiyindən, istefa dalğasına başlayıblar. İstefa dalğası isə Ukraynanın məğlubiyyəti deməkdir”. 

Cümşüd Nuriyev düşünür ki, Ukraynada bu prosesin baş verməsində Rusiyanın kəşfiyyat orqanlarının da əli var:

"Bu prosesdə onların fəaliyyəti də rol oynayıb. Ukrayna Rusiya təhlükəsizlik orqanlarının "arxa həyəti” adlanır. "Arxa həyət”də isə Rusiya təhlükəsizlik orqanlarına bağlı çoxsaylı adamlar var. Ukraynada elə adamlar vəzifədən gedib ki, onların getməsi Zelenskinin hakimiyyətinin laxladılması deməkdir. Ona görə də bu istefalar, rotasiyalar çox təhlükəlidir. Burada Qərbin rolu elə də güclü görünmür, Qərb gözləmədiyi situasiya ilə üzləşib. Ukraynadakı istefalar Qərbi çətin vəziyyətə salıb. ABŞ-ın bu müstəvidə hansısa cəza mexanizmini işə salacağını gözləyirəm. Amma onun vaxtında olacağına əmin deyiləm. Çünki bu məsələdə Qərb də gecikir. Hakimiyyəti ilk olaraq xəyanətkarlar tərk edir. Ukraynada hazırda belə bir təhlükəli proses gedir”. 

Rüfət Sultan