Siyasət 16:34 15.07.2022

Ermənistanın yeni Baş Qərargah rəisi kimdir? - Xocalı cəlladının adamı...

Ermənistan ordusunun Baş Qərargah rəisi vəzifəsinə yeni təyinat olub. Bu "Qarabağ klanı”ndan olan general Edvard Arsyandır. Erməni mətbuatı bu şəxsin Paşinyan iqtidarına müxalif olmaqla yanaşı, sabiq müdafiə naziri, Xocalı cəlladı Seyran Ohanyanın adamı olduğunu yazır. 
 
Ermənistanda reallaşan bu təyinatı Qaynarinfo-ya şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Arsyanın sözügedən vəzifəyə gətirilməsi "Qarabağ klanı”nın hərbi qurumlarda hələ də mövqeyini qoruyub saxladığına işarədir:
 
"Arsyanın Baş Qərargah rəisi vəzifəsinə gətirilməsi o deməkdir ki, Ermənistanın hərbi qurumlarında "Qarabağ klanı” hələ də öz mövqeyini saxlamaqda davam edir. Digər tərəfdən, Ermənistan kimi ölkələrdə hakimiyyətin bölüşdürülməsi zamanı regionların nəzərə alınması məsələsi də hər zaman öndə olur. Digər tərəfdən, Qarabağdan olan ermənilərin tamamilə bütün postlardan uzaqlaşdırılması fikrinin heç də doğru olmadığını deyə bilərik”.

Həmsöhbətimiz bu təyinata Kremlin təzyiqi müstəvisində yanaşmağı da mümkün hesab edir:

"Rusiya amilini unutmamalıyıq. Yaxşı bilirik ki, Ermənistan kimi ölkələrdə hər zaman Baş qərargah rəisləri Rusiyaya yaxınlığı, bağlılığı ilə seçilən hərbi qulluqçular olub. Əvvəlki də Moskvaya bağlı olub. Arsyanın da birmənalı olaraq Rusiyaya bağlı olduğunu söyləmək mümkündür”.

Rüfət Sultan