Ölkə 15:28 14.09.2022

İraq sərhədində qalan 570 azərbaycanlı zəvvarın taleyi necə olacaq? - Səfirlikdən açıqlama

Azərbaycanlı zəvvarlar İran-İraq sərhəddində qalıb. Bu barədə hazırda sərhəddə olan zəvvarlardan Tahir Cəfərov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarlardan 570 nəfər günlərdir ki, İran-İraq sərhəddində saxlanılıb və İraq ərazisinə buraxılmır:

"Biz bunun səbəbini bilmirik. Sənədlərimiz qaydasındadır. Niyə sərhəddən buraxılmadığımıza dair bizə heç bir məlumat verilmir, səbəb açıqlanmır. Günlərdir ki, sərhəddə xeymələrdə (çadırlarda) yaşayırıq. İraq ərazisinə buraxılıb-buraxılmayacağımızı da bilmirik. Çünki dəqiq bir söz deyilmir. "Bu gün, sabah...” deyirlər, vaxt keçir”.

T.Cəfərov onu da bildirib ki, hazırda zəvvarlar İranla-İraq arasındakı "Xosrovi” keçid məntəqəsindədirlər. Zəvvarın dediyinə görə, İraq tərəfi azərbaycanlıların ölkəyə girişinə qadağa qoyub. T.Cəfərov güman edir ki, bəlkə də qadağaya səbəb hazırda Kərbəla istiqamətində zəvvar axının güclü olmasıdır: ”Ola bilsin ki, İraq dövləti axının bir qədər seyrəlməsini gözləyir, növbəti zəvvar qruplarının ölkəyə girişinə bundan sonra icazə veriləcək”.

Bəs sərhəddə yaranmış vəziyyət nə ilə bağlıdır? İraqın Azərbaycandakı səfirliyi sərhəddə azərbaycanlı zəvvarların üzləşdiyi çətinliyin aradan qaldırılması üçün hansı addımları ata bilər?
 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında İraqın Azərbaycandakı səfirliyinin köməkçisi Samirə Həsənova qısaca olaraq bildirib ki, hələlik səfirlik tərəfindən bu barədə heç bir bəyanat səsləndirilməyib: "Yeni məlumat olan kimi ictimaiyyətə açıqlanacaq”. 

Rüfət Sultan