Maqazin 12:45 30.09.2022

“Videonu saxlayıb telefonunda, indi yadına düşüb?”- Tolikdən Vasif Məhərrəmliyə cavab

"Rəhim bəzi sənət dostlarından incimişdi, elə bu dünyadan da küsülü getdi”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında aparıcı Tarix Əliyev (Tolik) Əməkdar artist Vasif Məhərrəmlinin mərhum sənətçi Rəhim Rəhimlinin ona vəziyyəti ilə bağlı sağlığında göndərdiyi videodan danışarkən deyib. Tolik bildirib ki, Rəhim Rəhimli verilişlərə həmişə çəkmədə gəlib:

"Rəhimlə münasibətimiz olub, amma elə də yaxın olmamışıq. Verilişlərə dəvətə edirdim, sağ olsun, o da gəlirdi. Onunla yaxın aylarda telefonla  danışmışdım, mənə demişdi ki, "ayaqlarımda problem var”. Rəhim sirroz idi. Sirroz xəstəliyi də hamıya məlumdur, Rəhim bir az səhlənkar adam idi, ancaq aciz adam deyildi, toyları da vardı, hələ xınalara da çağırırdılar. Bütün tədbirlərə gedirdi, amma xəstəliyini bildimirdi. Fikir vermisiniz onun çıxışlarına, yay-qış olmasına baxmayaraq, həmişə səhnədə ayağında çəkmə olurdu. Əsgərlər geyinən çəkmələrdən çox istifadə edirdi, yəni çalışırdı ki, ayaqları görünməsin. Ayaqları şiş olurdu, tamaşaçının onu bu vəziyyətdə görməsini istəmirdi. İnsan özünə etdiyini heç kimə etmir. Səhlənkarlıqdır”.
 
Tolik Rəhimin çox yaxşı insan olduğunu vurğulayıb:
 
"Bütün ailəni o dolandırıb, qardaşı balalarını pullu məktəblərdə oxutdurub, təhsil haqqını verib. Dünən hamı kimi mən də onun ölümünü eşitdim, sarsıldım. Vasif Məhərrəmli onun səhhəti ilə bağlı görüntü paylaşıb. Vasif yaxın dostumuzdur, onun bu vəziyətini görüb. Amma mənə də qaranlıq qalan məqamlar var - Vasif bu görüntüdən sonra nə əcəb Rəhimin yanına getməyib? Nə əcəb onun səhhəti haqqında məlumat verməyib? Videonu saxlayıb telefonunda, indi yadına düşüb? Bəlkə getmək lazım idi. Mən bilmirdim şəxsən. Deyirdim, efirə niyə gəlmirsən, deyirdi, 3 saat efirdi, otura, oynaya bilmirəm, məclislərə yarım saatlıq gedirəm. Day bu qədər dərinliyi ilə bilmirdim. Bizdə belədir də, adam öləndən sonra hamı ağlayır, pis olur, insanlıqdan danışır, o da bir-iki gün, vəssalam”. 

Tolik şou-biznes əhlinə müraciət edib:
 
"İndi hamı Rəhimlə olan şəkillərini paylaşacaq. Onun ən yaxın dostu Aygün Kazımovadır. Küsülü olan dostları daha çox idi, küsülü də getdi onlardan. Ona görə də Allah mənə imkan versin, öləndən əvvəl elan verim. Deyim ki, mən öləndə məni sevməyən, ürəyində düşmənçilik saxlayanlar canazəmin üstündə yalandan göz yaşı tökməsinlər. Rəhimdə də elədir, baxırsan, hamı onu sevdiyini yazır… Sağlığında qiymət verin insanlara”.

Bahar Rüstəmli