Nazlı Ağayeva
Sənət 12:07 05.07.2020

Oxuya bilmədiyim romanın hekayəti...

Nazlı Ağayeva

Bilirəm, belə yazını çalışdığın saytda yerləşdirmək canına sinməyəcək. Normalda bunu etməzdin də. Amma bu yazıda kimsəni təbliğ və reklam kimi bir məqsəd yoxdur. Sənin bunlara ehtiyacın olmadığı kimi. Sadəcə, ölümlərin-itimlərin adiləşdiyi həssas bir zamanda içdən-gələn bütün sözlər ünvanına çatmalıdır deyə düşündüm...   

Çoxdan ürəyimdən keçən kəlmələrə sadə bir bildirişlə Mark Zükerberq "xeyir-dua” verdi. Pərviz Cəbrayılla "Facebook”dakı dostluğumuzun yeddi illiyi imiş. Yeddi ilmi? Əslində Pərvizi yetmiş ildir tanıyırammış kimiyəm. Sözgəlişi yetmiş il. Oxşar dünyalar, duyğular statistikaya sığmaz ki... Əməli dostluğumuz isə Markın "çayxanasından" başladı. Orda dərdimi-sərimi paylaşdım onunla, tapanda sevincimi də. 

*

Ötən ilin sentyabrında başçının qəbul gününə getmişdim. Sadəcə, vətəndaş-məmur münasibətini müşahidə üçün. Şəxsinə deyiləsi nə vardısa, çoxdan deyilmişdi. 

Köməkçi qəbulda iştirak etməyən başçının məni görmək istədiyini çatdıranda heç deyilsə onu görməyə can atan bir nəfərin problemini çatdıraram deyə yuxarı qalxdım. Beş-on dəqiqəlik görüşdən sonra çıxmaq istəyəndə özünün də mənə sözü olduğunu bildirdi.
 
Adam müalicə və yaxud digər ehtiyaclarla bağlı bir sıxıntımın olub-olmadığını israrla soruşanda  qətiyyətlə belə şeylərin olmadığına əmin edib qapıdan çıxdım. O günün o saatı çantamda cəmi qırx qəpiyim vardı...

Bunun da üstündən qayıdarkən yolda sahibsiz bir itlə rastlşmağımdan əmələ gələn qüssəli, real hekayəti sətirlərə köçürdüm. Həm də uşaq kimi içdən ağlaya-ağlaya. Bəlkə hər şeyi bir az yünglü yola vermək də olardı, amma mən hərdən aşırı duyğusallaşıram. 

*

Danışıq dilimdə birbaşa Feysbuk səhifəmə yazdığım əhvalatı Pərviz elə o şəkildə işlədiyi sayta qoymuşdu. O zamandan onun dəvəti ilə artıq doğmalaşan bu tribunaya yazmağa başladım.

Statusa çevrilmiş o yazını izləyib təsirlənən çox olmuşdu. İsti, kövrək rəylər yazılmışdı, sözün bitdiyi yerdə qalanlar vardı. Amma o yazını kino lenti kimi bütün çılpaqlığı ilə yazıçı, redaktor və ən əsası da oxucu Pərviz Cəbrayıl gördü. Sənətin və peşəkarlığın gücü də yalnız gözlə deyil, ürəyin işığı ilə də görməyindədir yəqin. Mən o işığın közərtisini Pərvizin hələ "Azadlıq”dakı birini də ötürmədiyim köşələrindən duymuşam. Bunca isti münasibətə rəğmən, Pərvizin yazıçılığına hələ gedib çata bilməmişəm desəm, ayıb olacaq, amma nə olur-olsun, mən bu dostluğun dürüstlüyünü poza bilmərəm.
  
"Yad dildə” romanını Pərvizdən mənə internetlə göndərməsini xahiş etmişdim. Göndərdi. O zaman güclə "ayaq üstə duran” antik kompüterimiz vardı. Bir-iki həftəlik xırda-para işlərimi yola verib rahatlıqla oxumağa başlamışdım ki, işıq idarəsinin anormal fəaliyyəti üzündən kompüter birdəfəlik sıradan çıxdı. O qədər vaxt keçəndən sonra Pərvizdən təkrar əsəri istəməyə utandım. 
 
"Məryəm surəsi”nin ilkin təqdimatı həyatımın elə dönəminə düşdü ki, o zaman özümdən kənara çıxmağım mümkün deyildi. Əsər barədəki fikirləri, əsərə münasibəti izləyirdim. Vəziyyət normallaşandan sonra təsadüf elə gətirdi ki, Pərviz Bakıda özü mənə bağışladı kitabı.
 
"Allah problemsiz oxumaq qismət eləsin”, deyə düşünərək kitabı çantamdan çıxardanda rusdilli fizik tanışım gəlib çıxdı. İxtisasının çox gözəl bilicisi, ali məktəb müəllimi, ictimai-siyasi proseslərlə yaxından maraqlanan biri. Kitabı əlinə götürüb "sanballayandan” sonra ironiya ilə "müasir ədəbiyyat ölməyib hələ?” deyə soruşdu. Davamı məlum idi. Kağıza hayıfı, çap maşınlarına yazığı gələcəkdi, ən sonda da "yaxşı ki, tənbəlsən, yazsaydın, xətir-hörmətə sənin üçün flan qədər vərəq çevirməyə məcbur olasıydım” deyəcəkdi. Adam "dünyanın ədəbiyyat səhifəsi bağlanıb, ölmə-diril davam edən yeganə şey dəqiq elmlərdi” prinsipinə köklənmişdi. Mübahisə etməkdənsə kitabı usulluca əlindən çəkib götürmək istədim. Bizim "Eynşteyn” hansısa vərəqdə ilişib qalmışdı. Üzündəki maraqlı ifadəyə qıymayıb ona "sataşmadan” otaqdan çıxdım.
 
Gedərkən kitabı iki-üç günlük götürmək barədə xahiş edəndə təəccübümü birtəhər gizlədib "əlbəttə olar” dedim. Bir həftədən sonra zəng vurub xəbər verdi ki, müəllif müasir olmağına baxmayaraq, əsər klassik olduğundan onu düşündürməyə başlayıb. Yəni, bir quru fizik "Məryəm surəsi” dərin, gözəl əsərdir deyirsə, dəqiq qiymət imiş. Oxumuş adamlar kimi təsdiq etməkdən savayı çarəm qalmadı. Kitabı istəməyə üzüm də gəlmədi, sadəcə qaytaracağı günü gözlədim.
 
Günün birində hay-küylə gəlib dedi ki, onu öldürməyim, çünki kitabı özü kimi düşünən bir dostuna bağışlayıb. Adam xaricdə yaşayır, qaytarmaq söhbəti təfərrüat olduğundan bağışlamaq daha münasib düşübmüş. Əsəbdən necə güldümsə, üzümə baxa-baxa qaldı. Səsimi yumşaldıb dostumun kitabını heç cür oxuya bilmədiyimi anlatmağa çalışdım. Gülümsəyib, əsərdən ciddi-ciddi danışdığı yerdə birdən qayıtdı ki, sən bunu niyə yazmırsan? Əla mövzudur: 
 
- "Oxuya bilmədiyim romanın hekayəti”...